Azərbaycanda bir neçə televiziya kanalının adı dəyişdirilib - SİYAHI - YENİLƏNİB

Azərbaycanda bir neçə televiziya kanalının adı dəyişdirilib - SİYAHI - YENİLƏNİB Buna MTRŞ razılıq verib
Media
19 Sentyabr , 2016 12:07
Azərbaycanda bir neçə televiziya kanalının adı dəyişdirilib - SİYAHI - YENİLƏNİB

Bakı. 19 sentyabr. REPORT.AZ/ “Region” televiziyasının rəhbərliyi Region TV brendinin dəyişildirilməsi ilə bağlı mətbuat konfransı keçirib.

“Report”un xəbərinə görə, telekanalın strateji inkişaf direktoru İsmayıl Həsənov deyib ki, Region TV bundan sonra ARB TV kimi fəaliyyət göstərəcək.

Onun sözlərinə görə, bu yenilənmə təkcə Region TV-yə aid deyil, tərəfdaş telekanallara da aiddir: “Həmin telekanallar da adlarını bizə uyğunlaşdıracaqlar. Bundan sonra TTV “ARB 24”, "Günəş" televiziyası "ARB Günəş", Gəncədə fəaliyyət göstərən Alternativ TV “ARB Ulduz” kimi fəaliyyətini davam etdirəcək. Regional tərəfdaşlarımız da brendlərini bizə uyğunlaşdırdılar, Kəpəz TV “ARB Kəpəz”, Kanal S “ARB Şəki”, "EL TV" “ARB Aran”, RTV "ARB Şimal", CTV isə “ARB Cənub” adı ilə yayımlanacaq”.

İ.Həsənov qeyd edib ki, hər bir kanalın adı onun fəaliyyət göstərdiyi məkanın adına uyğunlaşdırılıb: “Bu, Cənubi Qafqazın ən böyük tərəfdaşlıq layihəsidir. Bu tərəfdaşlıqda 9 kanal, bir radio təmsil olunur. Bura 5 regional, 3 tematik peyk yayımı olan TV və ARB TV daxildir. Media trendləri yenilənir, buna görə də biz bu addımı atdıq. Artıq, yeni efir konsepsiyasından çıxış edirik”.

O bildirib ki, kanalların tezliklərində heç bir dəyişiklik olmayacaq: “Biz daha çox keyfiyyətə üstünlük veririk. Efirimiz rəngarəng və çeşidlidir”.

İ.Həsənov bütün tərəfdaş kanalların eyni mikrofondan istifadə edəcəyini vurğulayıb.

*** 11:48

Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən "Region" TV adını bu gündən dəyişib.

Bu barədə "Report"a Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.

O bildirib ki, Region TV sentyabrın 5-də MTRŞ-yə adının dəyişdirilməsi və ARB TV olması ilə bağlı müraciət edib: "Televiziyanın müraciətində heç bir problem görülməyib və TV bu gündən yeni adla yayımlanacaq".

T.Məmmədov onu da bildirib ki, ölkədə RTV TV adlı region yayımçısı da olduğu üçün bəzən bu iki televiziya qarışdırılırdı. 

Son xəbərlər

Orphus sistemi