Rauf Arifoğlu: “50 mənim üçün qocalığın uşaq yaşıdır...” - MÜSAHİBƏ

Rauf Arifoğlu: “50 mənim üçün qocalığın uşaq yaşıdır...” - MÜSAHİBƏ “Geri qalan insanların hədəfinə tuş gəlirik”
Media
22 İyul , 2016 15:38
Rauf Arifoğlu: “50 mənim üçün qocalığın uşaq yaşıdır...” - MÜSAHİBƏ

Bakı. 22 iyul. REPORT.AZ/ "Yeni Müsavat" qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlunun 50 yaşı tamam olur. R.Arifoğlu 1966-cı ilin iyulun 23-də Tovuzun Yuxarı Öysüzlü kəndində anadan olub. Həmin kəndin orta məktəbini bitirib. 1988-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə isə Qərb Universitetini bitirib. 1988-ci ildə milli-azadlıq hərəkatına qoşulub. 1989-cu ildə isə “Yeni Müsavat” qəzetinin əsasını qoyub. Evlidir, 3 övladı var.

"Report" Rauf Arifoğlunun 50 illik yubileyi münasibətilə ondan müsahibə götürüb. Müsahibəni təqdim edirik:

- Artıq 50 yaşınız var, özünüzü bu yaşda necə hiss edirsiniz?

- Özümü çox yaxşı hiss edirəm. Hesab edirəm ki, enerjimin və iş fəaliyyətimin pik nöqtəsindəyəm. 50 rəqəmini yaşımda hiss etmirəm.

- 50 yaş əsrin yarısı deməkdir. Bu, insan ömrünün hansı dövrüdür?

- 50 yaş insan üçün nəfəs kimidir. Bu müddət bir an kimi keçib. Amma hadisələrə, dövrlərə böləndə yarım əsr ciddi zaman kəsimidir. 50 yaş bəziləri üçün yeni mərhələnin başlanğıcı, bəziləri üçün həyatın ortası, bəziləri üçün sonudur. Mənim üçün isə qocalığın uşaq yaşıdır.

- Rauf bəy, bu müddətə qədərki fəaliyyətinizi necə qiymətləndirirsiniz?

- 1987-ci ildən meydanlardayam. Bu meydan Azərbaycana çox şeylər - əsgər, dövlət rəhbəri, hərəkat lideri verdi. Yəni, kütləvi proseslər yaranan kimi meydan bütün kateqoriyadan olan ən yaxşı insanları verdi. Meydan bizi də qəzetçi kimi xalqa təqdim etdi. Mənim taleyimə korrektəni millətim və Allahım etmiş oldu. Belə şeylər düşünmürdüm, planlaşdırmırdım. Meydan hərəkatı mənim həyatımı dəyişdirdi. 50 yaşım tamam olur, 27 ildir ki, mətbuatdayam. Meydanlarda olmaq həyat tərzimdir. Hər zaman ictimai proseslərin önündə olmaq şəffaf şüşənin içində yaşamaq kimi bir şeydir. Yəni, mən belə mərhələ yaşamışam. Bundan sonra da nə qədər ömrüm var, yazmağa, yaratmağa, mətbuat sahəsinə həsr edəcəyəm.

- Qəzet rəhbərliyindən getməyi düşünürsünüzmü?

- Arzuolunandır ki, qəzetin cari rəhbərliyindən gedim. Neçə illərdir, bunu düşünürəm. Həm menecerlik işinə, həm də yaradıcı fəaliyyətə rəhbərlik etmək vaxtımı, enerjimi alır. Sağ olsunlar, qəzetdəki redaktorlar yükümü xeyli azaldıblar. Amma özüm narahat adamam, nə qədər ki, burdayam, istəyirəm ki, xəbərin nəbzini özüm tutam. Amma fasilə verib, yarımçıq yazılarımı tamamlayacam. Yazıları başa çatdırmaq üçün bir yerdə olmalıyam. Xəbər axını yaradıcı insana mane olur. Yəni, irihəcmli yazılar yazmaq olmur. Təsisçi və qurucu kimi qalmaqla kollektiv mənə bir-iki il fasilə verməlidir. 50 yaşım tamam olandan sonra kollektiv qarşısında bu məsələni qaldıracam. 4 mövzu üzrə yazı işləyirəm. Onlardan ikisi tamamlanmaq üzrədir. Ömür gedir, mən bunları tamamlamalıyam.

- Sirr deyilsə, hansı mövzular üzrə yazırsınız?

- Mövzulardan biri qəzetin tarixi ilə bağlıdır. Biləsiniz ki, Milli Azadlıq Hərəkatına başladığım ilk gündən, demək olar, hər gün gündəlik yazmışam. Təsəvvür edin, 1989-cu ildə baş verənlərlə bağlı xeyli qeydlərim var.

- Arxivinizin bir hissəsini də itirmisiniz...

- Bəli, bir qismini itirmişəm. Bəzi hissələrini tapmışam. Bir neçə dəfə fövqəladə vəziyyətdə yer dəyişdirməyə məcbur olmuşuq. Yəni, itkiyə bu zaman məruz qalmışam. Amma şəxsi arxivlərimi anam, atam qoruyub saxlayıb. Həbs olunarkən istintaq orqanları arxivin xeyli hissəsini götürdülər. Bu baxımdan müəyyən itkilərim var. Qeydlərim Azərbaycan tarixi, gələcək nəsilləri üçün çox vacibdir. Digər kitabım isə həbsxana qeydlərimdən ibarətdir. Həbsdə olduğum 1 il 7 ay ərzində bir neçə ay istisna olmaqla, hər gün yazmışam. Təsəvvür edin, həbsxanada 7 kvadratmetrlik otaqda Arif Hacılı, Pənah Hüseyn və mən idim. Baş verənlərin hamısını qeyd etmişəm. Təxminən, 500 min işarəyə yaxın yazıdır. Bir də, tamamlanmamış bədii romanım var. Dördüncünü isə deməyəcəm, sirr qalsın. Yazıları tamamlamaq üçün ölkədən kənarda yer də tapmışam. Dediyim kimi, sadəcə, vaxt yoxdur.

- Rauf bəy, bir zamanlar "Yeni Müsavat" qəzeti çox radikal yazılar dərc edirdi. Onda Siz də gənc idiniz. O radikallığı həm də gəncliyin enerjisi ilə bağlamaq olarmı, yoxsa bu, zamanın tələbi idi?

- "Yeni Müsavat" bir vaxtlar partiya qəzeti idi. Ona görə də partiyanın siyasi maraqlarından çıxış edirdi. Biz bilirdik ki, bu, doğru deyil. Çünki media quruluşu partiyalı olmamalıdır. Bu, dünyanın çağdaş standartıdır. Mətbu orqan partiyaya bağlı oldusa, birqütblü olacaq. Belə olan halda, inkişaf etmək mümkün deyil. Bu tipli qəzet konsepsiyaları sovet dövründə qaldı. Biz qəzeti anti-kommunist modeli kimi yaratmışdıq. "Yeni Müsavat" qəzetini yaradarkən buna paralel olaraq Yeni Müsavat Partiyası da yaratmışdıq. Yəni, hamısı bir yerdə idi. Sonra "Yeni Müsavat"ı Müsavat Partiyasına çevirdik, İsa Qəmbəri dəvət etdik, Türkiyədəki cümhuriyyətçilərlə birləşdik. "Yeni Müsavat" qəzeti də bu templə məsafə qət etdi. Hər dəfə, bütün mərhələlərdə çalışdım ki, elə bir qəzet qurum ki, fərqli olsun. O zamanlar "Yeni Müsavat" qəzeti ilə yanaşı, ədəbi-bədii "Dünya" jurnalı çap olunurdu. Heç bir siyasi yükü yox idi. Sonra isə "Yeni Turan" qəzeti çap olundu. Daha sonra isə Əbülfəz Elçibəyin xahişi ilə Azərbaycan Xalq Cəbhəsi üçün "Cümhuriyyət" qəzetini qurdum. Qəzeti Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin 7 üzvü ilə bərabər qurmuşduq. Həmişə məsafə saxlamağa çalışmışam. Bu işdə də mənə hər zaman İsa Qəmbər kömək edib. İsa bəy düşünürdü ki, qəzetlər müstəqil olmalıdır, siyasi liderdən asılı olmamalıdır. "Yeni Müsavat" qəzetinin radikallığı həmin müddətdə idi. Bu da düşərgələrin bir-birinə münasibətdən asılı idi. Biz bəzən müxalifətin əvəzinə müxalifətçilik edirdik. Bəzən də müxalifət-iqtidar davasını qızışdırırdıq. Yəni, liderlərin açıqlamaları qəzetdə dərc olunurdu, vəziyyət ciddiləşirdi, dərc etməsəydik, bu vəziyyət yaranmayacaqdı. Zaman keçdikcə dünya ölkələrini gəzdik, həmin ölkələrdəki təcrübəni tətbiq etdik, yola çıxdıq. Hazırda o düşərgədən ayrılmışıq. Arzu edirəm ki, iqtidar düşərgəsindəki qəzetlər də o düşərgədən ayrılsınlar. Çünk biz özümüz bir düşərgəyik. Dünyanın heç bir ölkəsində hörmətli jurnalist partiya üzvü ola bilməz, mümkün deyil. "Jurnalist" və "partiya" əks anlamlıdır. Jurnalistin partiyalı olması onun obyektivliyinə təsir edir. Siyasi maraqlarla informasiya maraqları bir-birlərinə ziddir. Bu, Azərbaycanın dərdidir. Azərbaycanın iqtidarı və müxalifəti medianın müstəqilliyinə tam hazır deyillər. Bunu jurnalistlər yaxşı bilirlər. Medianın müstəqilliyinə təsir edən amillərdən biri də reklam bazarıdır. Ölkəmizdə reklam bazarı azdır.

- Sizi bəzən təzadlı ömür sürən insan kimi də xarakterizə edirlər. Buna münasibətiniz necədir?

- Heç bir ziddiyyət yoxdur. 27 ildir, eyni qəzetin başındayam, həyatımda cəmi bir partiya, bir siyasi lider olub. Yəni, həmişə eyni xəttə sahib olmuşam, qəzetçi olmuşam. Mənim kimi stabil, həyatında heç bir ziq-zaqı olmayan, "U" dönüşləri etməyən adam yoxdur. Sadəcə, mən ictimai-siyasi format dəyişdikcə, zaman irəlilədikcə qəzetçiliyə bəzi standartları gətirmək üçün addım atmışam. Bilirsiz, uzun müddət məni niyə tənqid ediblər? Qəzetdə "Azərbaycan Prezidentini" "Prezident" kimi yazdığıma görə. Partiyada bunu qəbul etmirdilər, deyirdilər, elə yazma. Bəs bu şəxs kimdir, nə yazım? Deyirdilər, Prezidenti dövlət başçısı kimi təqdim et. Hələ də bu cür düşünürlər. Belə düşüncə ilə 20 il də belə davam edəcəklər. Bu düşüncə təkcə Müsavat Partiyasında deyil, Azərbaycan Xalq Cəbhəsində də belə idi. Yəni, bu insanlar iqtidarın legitimliyini qəbul edə bilmirlər ki, iqtidar da bunların legitimliyini qəbul etsin. Axı bu vəziyyətdə dialoq olmaz. Yəni, sən məni tanımırsansa, yazılan məktublarda titulumu göstərmirsənsə, mən səninlə təmas qurarammı? Mümkün deyil. Bu cür primitiv düşüncə, hətta bizim repressiya olmağımıza gətirib çıxardı. Hansısa nazirin hansısa tədbirdə çıxışını verməyimiz problemlərə səbəb olurdu. Dərhal düşünürdülər ki, "Yeni Müsavat"ın o nazirlə təması var. Amma biz o mərhələni keçdik. İndi Azərbaycan Prezidentinə "Prezident" yaza bilirik. Bunun başqa titulu yoxdur, Prezidentdir. Hazırki Prezidenti dünya ölkələrinin başçıları qəbul edir, bu, doğrudan da, Prezidentimizdir. Azərbaycanı xaricdə təmsil edir, xarici siyasət kursunu müəyyənləşdirir. Biz onun legitimliyini tanıyıb gücləndirməliyik ki, ölkəni rəmsil edə bilsin. Burada daxili savaşdan söhbət getmir. Yenilik gətirmək istəyən adamlar olduğumuz üçün bir addım öndəyik. Ona görə də geri qalan insanların hədəfinə tuş gəlirik.

- Doğum gününüzü necə qeyd edəcəksiniz?

- Doğum günlərimdə çalışıram Bakıdan çıxım, yalnız ailə üzvlərimlə bir yerdə olum. Amma yubiley yaşları istisnadır, on ildənbir doğum günlərimi daha geniş qeyd edirəm. 50 yaş da ciddi, əsrin yarısı olduğu üçün kollektivin təkidi ilə xüsusiləşdirdik. Qəzetin kollektivi mənə film həsr edib. Film təqdimatı iyulun 24-də olacaq. Təqdimat mərasiminə Mətbuat Şurasının rəhbərliyi, deputatlar, media rəhbərləri, siyasətçilər dəvət olunub.

- Kimlərdən təbrik almısınız?

- Təbrik almaq üçün hələ tezdir, amma filmin anonsunu yayandan sonra təbriklər aldım. Hətta rəsmi şəxslərdən də təbriklər almışam.

- Müsavat Partiyasından təbrik almısınızmı?

- Müsavat Partiyasından təbrik almamışam, gözləmirəm də.

- Partiya rəhbərliyini doğum gününüzlə bağlı keçirilən tədbirə dəvət edəcəsinizmi?

- Müsavat Partiyasındakı dostlarımı və məni özlərinə dost bilənləri tədbirə dəvət etmişəm.

Son xəbərlər

Orphus sistemi