Yuxarı

​Qulu Məhərrəmlinin İTV əməkdaşına qarşı verdiyi şikayət Nəsimi Rayon Məhkəməsinə göndərilib

İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq

Bakı. 28 aprel. REPORT.AZ/ Bu gün Səbail Rayon Məhkəməsində professor, əməkdar jurnalist Qulu Məhərrəmlinin İctimai Televiziyanın (İTV) əməkdaşı Rauf Rəcəbova qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin iclası keçirilib.

“Report”un xəbərinə görə, hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, iş aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Q.Məhərrəmli R.Rəcəbovu məhkəməyə verib. O, İTV-nin əməkdaşına qarşı xüsusi ittiham qaydasında iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Q.Məhərrəmli Azərbaycan televiziyası (AzTV) tərəfindən hazırlanan videosüjetdə R.Rəcəbovun onu təhqir etdiyini iddia edir.

Xatırladaq ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. Bundan sonra A.Alışanov Q.Məhərrəmlini məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. Bununla bağlı A.Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlidən 100 min manat pul tələb edib. A.Alışanovun ərizəsində həmin pulu Körpələr Evinə verəcəyini göstərib. Hazırda Nəsimi Rayon Məhkəməsində iş üzrə icraat dayandırılıb. Həmçinin, A.Alışanov Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlinin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib. Hazırda Yasamal Rayon Məhkəməsində A.Alışanovun Q.Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmədə linqivistik ekspertiza təyin olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi