​Əflatun Amaşov: “Qloballaşma şəraitində Azərbaycan dilinə yeni sözlərin daxil olması, istifadəsi önəmli məsələdir

​Əflatun Amaşov: “Qloballaşma şəraitində Azərbaycan dilinə yeni sözlərin daxil olması, istifadəsi önəmli məsələdir Dillə bağlı dövlət proqramlarının qəbul edilməsinin 2 illiyi münasibəti ilə dəyirmi masa keçirilib
Media
7 Aprel , 2015 13:31
​Əflatun Amaşov: “Qloballaşma şəraitində Azərbaycan dilinə yeni sözlərin daxil olması, istifadəsi önəmli məsələdir

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası və AMEA Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə, ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı”nda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi və dövlət proqramlarının qəbul edilməsinin iki illiyi münasibəti ilə dəyirmi masa keçirilib.

“Report”un məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, hər bir xalq üçün dil çox ciddi məsələdir. O bildirib ki, dünyada 5000 dil ölü dil, 4500-5000 dil isə canlı dil hesab olunur: “Canlı dillərdən cəmi 200-ü rəsmi dövlət dili elan olunub. Azərbaycan dili də canlı dildir. Artıq 2001-ci ildən 2013-cü ilə qədər Azərbaycan dilindən daha geniş istifadə olunub, bununla bağlı 20-yə yaxın sənəd qəbul edilib. Amma problemlər də var. Qloballaşma şəraitində Azərbaycan dilinə yeni sözlərin daxil olması, istifadəsi önəmli məsələdir. Burada AMEA-nın Dilçilik İnsititutunun üzərinə də məsuliyyət düşür”.

AMEA-nın Dilçilik İnsititutunun direktoru Tofiq Hacıyev deyib ki, Azərbaycanda dillə bağlı müəyyən problemlər var: “Düzdür, ölkədə dilin inkişafına diqqət yüksək səviyyədədir, dörd Azərbaycan dili dərsliyinə dövlət mükafatı verilib, müəllimlər də mükafatlandırılıb. Yəni, ölkədə dilçiliyə xüsusi diqqət yetirilir. İki il öncə dövlət proqramı qəbul olunub. Dilçilik İnsititutu bu proqram əsasında işlər görür. Həmin sərəncamdan sonra Dilçilik İnstitutunun tərkibində dəyişiklik edilib, bir neçə şöbə, ən əsası Kompüter Dilçiliyi Şöbəsi yaradılıb. Bu, çox ciddi məsələdir. Bizim əsas problemimiz elmi dillə bağlıdır. Ədəbi dili Nəsimidən, Füzulidən, yəni, bədii söz ustalarından öyrənirik. Niyə elmi dili öyrənə bilmirik? Çünki o dövrdə elmi əsərlər ərəb-fars dillərində yazılıb. Sovet dövründə yazılmış elmi əsərlərin xeyli hissəsi də rus dilindədir. Hələ də bu proses davam edir. Buna görə də məndə dilin gələcəyi ilə bağlı əndişə var. Əcnəbi sözlərdən istifadə edilir, amma həmin sözlərin Azərbaycan dilində qarşılığı tapılmır, tənbəllik edirlər. Bu işdə mətbuat bizə dəstək verməlidir”.

MTRŞ sədrinin müavini Qafar Cəbiyev isə çıxışında qeyd edib ki, televiziyalarda ədəbi dilin normaları pozulur. O xatırladıb ki, MTRŞ bununla bağlı monitorinq aparıb: “Müstəqillik illərində dilin inkişafı ilə bağlı qəbul olunmuş qaydalar dövlətin diqqətinin göstəricisidir.

Bir müddət əvvəl çalışdıq ki, efirdə gedən verilişlərin 75 faizi Azərbaycan dilində olsun. Bu zaman çox çətinlik çəkdik, müqavimət göstərirdilər. İndi diqqət edin, verilişlərin, demək olar, hamısı Azərbaycan dilində yayımlanır. Amma müəyyən qüsurlar da var. Yayımçılar özləri dillə bağlı nümunə olmalıdırlar. Televiziyalarla bağlı apardığımız monitorinqlər çox faydalı olub, bir sıra nöqsanlar aşkara çıxarmışıq. Televiziyalarda nöqsana yol verən aparıcılarn daha peşəkarlarla əvəz olunması vacibdir. Xarici ölkələrin cizgi filmlərinin, seriallarının dublyajında ciddi nöqsanlara yol verirlər. Kanalların bir qismində yaradılmış bədii şuraların heç də hamısı fəaliyyət göstərmirlər”.

Tədbir digər iştirakçıların çıxışları ilə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi