Yuxarı
    Bağlamaq

    Qətərin Azərbaycandakı səfiri Mətbuat Şurasında olub

    MŞ sədri: Qətər mediasının təcrübəsinin öyrənilməsinə böyük ehtiyac var”

    Bakı. 31 iyul. REPORT.AZ/ Qətər dövlətinin Azərbaycandakı səfiri Yusif bin Həsən əl-Sai Azərbaycan Mətbuat Şurasında olub.

    Şuradan "Report"a verilən məlumata görə, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum dünyanın, o cümlədən İslam aləminin media təşkilatları ilə ölkəmizin kütləvi informasiya vasitələrinin qarşılıqlı əməkdaşlığının qurulmasına dəstək göstərir. Bu baxımdan Türkiyə və İran, habelə postsovet məkanındakı İslam ölkələrinin jurnalistləri ilə qarşılıqlı təmasları vurğulamaq mümkündür: “Qətər müsəlman dünyasında qabaqcıl media ənənələrinə və strukturuna malik dövlətdir. Bu mənada yalnız “Əl-Cəzirə” telekanalının fəaliyyətin vurğulamaq da yetərlidir. Hesab edirəm ki, bu telekanalın deyil, ümumən Qətər mediasının təcrübəsinin öyrənilməsinə böyük ehtiyac var”.

    Ə.Amaşov son vaxtlar Qətər dövləti ilə bağlı beynəlxalq siyasi arenadakı proseslərə də diqqəti çəkib. O, baş verənlərin Azərbaycan mediasının da gündəmində olduğunu vurğulayıb. Deputat həmçinin bildirib ki, ölkəmizin jurnalistləri ümumən Yaxın Şərqdə yaşanan proseslərin işıqlandırılmasında ədalətli mövqe tutub və bu mövqenin dəyişməz qalacağına əmindir.

    Səfir Yusif bin Həsən əl-Sai təmsil etdiyi ölkədə media orqanlarının fəaliyyət xüsusiyyətləri barədə məlumat verib. O, həmçinin Azərbaycandakı kütləvi informasiya vasitələrini mütəmadi şəkildə izlədiyini vurğulayıb. Səfir bildirib ki, Azərbaycan mediası dünyada baş verən ictimai-siyasi, sosial-iqtisadi və mədəni proseslərə kifayət qədər həssaslıqla yanaşır.

    Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan və Qətər mediası arasında əməkdaşlığın mümkün perspektiv variantları müzakirə olunub.

    Qeyd edək ki, görüşdə MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də iştirak edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi