Almatı. 22 may. REPORT.AZ/ "Bu gün dünya sürətlə dəyişir, çox sayda yeni platforma və peşə yaranır".
"Report" xəbər verir ki, bunu "Select Communications Group"un media meneceri Viktor Yeliseyev "Təkbaşına KİV. Rəqəmsal KİV dövründə dəyişən jurnalistika" mövzusunda master-klassda deyib.
"Klassik jurnalistika, həqiqətən, ölüm ayağındadır, ona görə də kimsə bunun ona gələcəkdə pul qazandıracağını düşünürsə, səhvə yol verir. Həmin şəxsin elə indidən məlumatların yayılması üçün yeni rəqəmsal platformaları öyrənməsi daha yaxşı olardı", - V.Yeliseyev bildirib.
Onun sözlərinə görə, müasir jurnalist daim üzdə, formada olmalıdır: "Birmənalı olaraq dünya jurnalistikasının gələcəyi süni intellekt və sosial şəbəkələrdir. Daim ön sıralarda olmaq üçün mütləq öz üzərində dayanmadan işləməlisən".
MDB ölkələrində KİV-ə ödənişli abunəliyin tətbiqi ilə bağlı məsələni şərh edən media ekspertinin sözlərinə görə, hazırda bu, demək olar ki, mümkün deyil, çünki MDB ölkələrində vətəndaş cəmiyyəti hələ KİV-də ödənişli abunəliyin tətbiqi üçün yetişməyib.
Ekspertin fikrincə, bu gün məlumatların yoxlanılması və baş verənlər barədə daha dəqiq məlumat əldə etmək üçün təkcə rusdilli yox, həm də ingilis dilində olan mətbuata müraciət etmək lazımdır.