"Qafqazinfo"nun yaranmasından 7 il ötür

"Qafqazinfo"nun yaranmasından 7 il ötür Elbrus Ərud: "Hazırki durumumuzdan məmnunuq"
Media
16 Avqust , 2017 12:03
Qafqazinfonun yaranmasından 7 il ötür

Bakı. 16 avqust. REPORT.AZ/ Bu gün "Qafqazinfo.az" xəbər portalının 7 yaşı tamam olur.   

“Report” xatırladır ki, sayt 2010-cu ilin avqustun 16-da fəaliyyətə başlayıb.

Xəbər portalında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır.

Saytın təsisiçisi və baş direktoru Elbrus Ərud “Report”a açıqlamasında deyib ki, “Qafqazinfo”nu cəmiyyətdən, mediadan ayırmaq düzgün olmaz.

O bildirib ki, “Azərbaycan mətbuatı”, “onlayn media” deyiləndə “Qafqazinfo” da yada düşür: "Ölkədə 10 nəfər arasında sorğu keçirilsə, onlardan 5-i “Qafqazinfo”nu tanıyacaq. Ona görə də düşünürəm ki, saytımız üzdə olan aparıcı resursdur. Saytın həmişə öz dəsti-xətti olub. Məsələn, dünən-avqustun 15-də “Qafqazinfo” idman saytı idi, çünki gündəmdə idmana köklənmişdi. Ola bilər, başqa bir gün kriminal, siyasət, mədəniyyət saytı olsun. Yəni, gündəmdə nədirsə, “Qafqazinfo” onu işıqlandırır”.

Saytın baş direktoru qeyd edib ki, hazırki durumdan məmnundur: “Azərbaycan mediası nə qədər çətin də olsa, inkişaf mərhələsindədir. Bizim çətinliyimiz texniki işlərlə bağlıdır. İndiyə qədər texniki məsələləri tam həll edə bilməmişik. Bu institut Azərbaycanda çox zəif inkişaf edib, İT institutu formalaşmalıdır. Amma iş prosesində çətinlik həmişə olur, işləmək istəyirsənsə, çətinliyə qatlaşmalısan”.

E.Ərud saytdakı yeniliklərdən də danışıb: “Bu il saytın loqosu dəyişib, mobil əlavələr edilib. Bundan başqa, saytda “Video” bölməsi yaradılıb. Biz saytda multimedianı genişləndirmək niyyətindəyik, bu sahəyə çox böyük diqqət ayrırıq”.

“Report” “Qafqazinfo.az"da çalışan həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!

Son xəbərlər

Orphus sistemi