Yuxarı
    Bağlamaq

    “Paytaxt yollarında təhlükəsizlik” layihəsinə yekun vurulub

    Layihə çərçivəsində ictimaiyyət nümayəndələri yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı keçirilən reydlərdə iştirak ediblər

    Bakı. 2 iyun. REPORT.AZ/ “Paytaxt yollarında təhlükəsizlik” layihəsinə yekun vurulub. 

    "Report" xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisinin (BŞBPİ DYPİ) dəstək verdiyi layihə “Azadİnform” İnformasiya Agentliyi və “Qanunsuz Parklamalara Qarşı Mübarizə” İctimai Hərəkatı tərəfindən həyata keçirilib. 

    “Azadİnform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev vurğulayıb ki, layihə çərçivəsində ictimaiyyət nümayəndələri yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı keçirilən reydlərdə iştirak ediblər. Baş redaktor küçə və prospektlərdə, park və xiyabanların, metro çıxışlarının ətrafında, səkilərdə heç bir hüquqi əsası olmadan “dayanma-durma”, “parklanma” qaydalarını pozanlara qarşı mübarizənin əhəmiyyətinə diqqət çəkib.

    DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov təmsil etdiyi qurumun inzibati ərazisində “dayanma-durma”, “parklanma” tələblərinə qarşı may ayında yol polisi tərəfindən 27 500-dən artıq inzibati protokolun tərtib olunduğunu bildirib. O əlavə edib ki, profilaktiki tədbirlər metro stansiyaları yaxınlığında, əhalinin sıx olduğu giriş-çıxış istiqamətlərində keçirilib: "Tərtib olunan protokollar sırasında əsasən taksi fəaliyyəti ilə məşğul olan sürücülər çoxluq təşkil edir. İnzibati protokolları araşdırarkən məlum olub ki, 460 sürücü eyni xətaya görə müxtəlif vaxtlarda növbəti məsuliyyətə cəlb olunub, 96 nəfər isə eyni əmələ görə 4 dəfə inzibati xəta törədib, 170 avtobus sürücüsü qanunun tələblərini pozub".

    "Qanunsuz Parklamalara Qarşı Mübarizə” İctimai Hərəkatının rəhbəri İskəndər Quliyev mayın əvvəlindən başlayaraq, bu günə qədər görülən intensiv tədbirlərin cəmiyyət həyatında vacibliyindən, “ASAN xidmət"in əməkdaşı Sahil Məmmədli yollarda hərəkət iştirakçıları arasında nizam-intizamın davamlı olmasında vətəndaşların üzərinə düşən məsuliyyətdən, hüquqşünas Ərşad Hüseynov isə keçirilən tədbirlərin sürücü və piyadalar arasında nizam-intizamın yüksəlməsinə təsirinin əhəmiyyətindən danışıblar.

    Layihə çərçivəsində aparılan reydlər və maarifləndirmə işi zamanı yol polisi əməkdaşları sürücülərə qarşı olduqca təmkinli davranış nümayiş etdiriblər. Layihənin icrasında fəallıqlarına görə fərqlənən DYPİ-nin əməkdaşları - polis serjantı Sadiq Məmmədov, polis serjantı Elvin Səfərov, polis baş serjantı Məhəmməd İmamverdiyev, Yasamal RPİ DYPŞ-nin əməkdaşı, polis baş serjantı Fərid Rzayev, Səbail RPİ DYPŞ-nin əməkdaşı, polis serjantı Azər Vəliyev olublar. Onlara qiymətli hədiyyələr və diplomlar təqdim olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi