Yuxarı

Parlamentdə "Diffamasiya haqqında" qanunun qəbulu məsələsi qaldırılıb

Əflatun Amaşov: İlkin variant kimi Mətbuat Şurasının təqdim etdiyi layihə əsas götürülə bilər

Bakı. 1 fevral. REPORT.AZ/ ""Diffamasiya haqqında" qanunun qəbuluna ciddi ehtiyac var. Layihədə jurnalistin yazdığı yazıya görə həbs edilməməsi müddəası yer alıb. Narahatlıq başadüşüləndir, çünki mediada müxtəlif materiallar dərc olunur. Amma faktiki olaraq ölkədə heç kim Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb olunmayıb".

"Report" xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentin fevralın 1-də keçirilən iclasında deyib.

O bildirib ki, Mətbuat Şurası bunu əsas götürərək konkret təkliflər hazırlayıb: "Layihə hətta vaxtilə ATƏT-in Bakı Ofisinin ekspertizasından keçib. İlkin variant kimi Mətbuat Şurasının Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə təqdim etdiyi layihə əsas götürülə bilər".

Ə.Amaşov eyni zamanda, manatın devalvasiyasından sonra mətbuatın üzləşdiyi problemlərə də toxunub: "Ölkəyə gətirilən qəzet kağızına, həmçinin hazır çap məhsullarına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) ləğv edilməsi labüddür. Devalvasiyadan sonra qəzet kağızının qiyməti 100 faiz, çap xərcləri isə 50 faiz artıb. Biz bu məsələyə qayıdaraq mətbuatın durumunu yaxşılaşdırmaq üçün mətbuatın ƏDV-dən azad olunması məsələsini gündəmə gətirsək, çox yaxşı olar".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi