Yuxarı

Nardaranda televiziya vericisi quraşdırılacaq

İsa Məmmədov: Artıq rəqəmli yayıma keçmək üçün bütün işlər görülüb

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycan ərazisində analoq yayımın rəqəmli yayımla əvəzlənməsi üçün bütün proseslər həyata keçirilib.

Bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurası (MTRŞ) texniki şöbəsinin müdiri İsa Məmmmədov bildirib.

Onun sözlərinə görə, bu günə kimi rəqəmli yayım üçün 97 televiziya vericisi quraşdırılıb: "Bu vericilər ölkənin demək olar bütün ərazisini əhatə edir. Əhalidən gələn bəzi şikayətlər əsasında daha 25 kiçik vericinin quraşdırılması planlaşdırılır. Nardaran qəsəbəsində bir vericinin quraşdırılması nəzərdə tutulub. Bundan başqa, Lerikdə və digər müxtəlif ərazilərdə televiziya vericilərinin quraşdırılması nəzərdə tutulub. Bunlar əlavə tədbirlər kimi həyata keçiriləcək".

İ.Məmmədov əlavə edib ki, rəqəmli televiziya və radio yayımı tarifləri analoq yayım tariflərindən daha aşağıdır.

Qeyd edək ki, Nazirlər Kabineti “Rəqəmli televiziya və radio yayımı tarifləri”ni təsdiq edib. Qərara əsasən, rəqəmli şəbəkədə 1 Mbit/saniyə üzrə bir televiziya və ya radio proqramının 1 saat yayımı üçün (ƏDV daxil olmaqla) tarif 50 Vt-a qədər, 50 Vt daxil olmaqla, 0,38 manat, 50 Vt-dan 300 Vt-a qədər, 300 Vt daxil olmaqla, 0,65 manat, 300 Vt-dan 1200 Vt-a qədər, 1200 Vt daxil olmaqla, 0,88 manat, 1200 Vt-dan 3000 Vt-a qədər, 3000 Vt daxil olmaqla, 1,06 manat, 3000 Vt-dan yuxarı 1,16 manatdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi