Yuxarı

Mübariz Qurbanlı: “Kütləvi infiormasiya vasitələrindən bir qədər narazılıq var”

“Milli-mənəvi və dini dəyərlər: tarixilik, müasirlik” adlı dəyirmi masa keçirilib

Bakı. 17 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Milli-mənəvi və dini dəyərlər: tarixilik, müasirlik” adlı dəyirmi masa keçirilib.

“Report”un məlumatına görə, çıxış edən MŞ sədri Əflatun Amaşov tədbirin məqsədi barədə danışıb. Onun sözlərinə görə, belə tədbirlərin keçirilməsində məqsəd jurnalistlərlə nazirlərin, dövlət rəsmilərinin birbaşa ünsiyyətini təşkil etməkdir: “Mətbuat Şurası ilin sonuna qədər bu formatda daha bir neçə tədbir keçirəcək. Belə tədbirlərdə redaktorlarla dövlət rəsmiləri birbaşa ünsiyyətdə olurlar”.

Ə.Amaşov vurğulayıb ki, ölkədə dinlə bağlı məsələlərə dövlət səviyyəsində diqqət yetirilir: “Azərbaycan tolerant ölkədir, əsrlər boyu müxtəlif dinlərə etiqad edən şəxslər Azərbaycanda yaşayıblar. Ölkə müstəqillik əldə etdikdən sonra dini tolerantlıqla bağlı qanun qəbul edilib. Yəni, tolerantlıq dövlət qanunlarında da əksini tapır. Mətbuat Şurası olaraq, biz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinlə bağlı həyata keçirilən tədbirlərini dəstəkləyirik. Bundan sonra da belə olacağını düşünürəm”.

Çıxış edən DQİDK sədri Mübariz Qurbanlı deyib ki, mətbuatın ictimai rəyə təsiri yüksəkdir. O qeyd edib ki, mətbuat dini mövzulara xüsusi önəm verməlidir: “Dinlə bağlı tədqiqatlara xüsusi önəm verməliyik. Komitə tərəfindən bir qəzet və bir jurnal buraxılır. Amma kütləvi informasiya vasitələrindən bir qədər narazılıq var. Heç bir qəzetə, televiziyaya göstəriş və ya tövsiyə vermək istəmirəm. Amma bəzən görürsən ki, qəzetlər bilmədən səhvə yol verirlər. Bəzi radikal dini cərəyanların liderləri ilə bağlı yazılar verilir, bu yazını oxuyan da buna oxşamaq istəyə bilər. Belə şeyləri nəzərə almaq lazımdır. Radikal qruplaşmada ittiham olunanların məhkəmə proseslərində onların bəzən, “Mən şəriət məhkəməsi istəyirəm” deməsini qabartmaq doğru deyil. Daha çox onların peşman olmaları ilə bağlı fikirlərinə yer vermək lazımdır”.

Tədbir digər çıxışlarla davam etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi