Yuxarı
    Bağlamaq

    MTRŞ ANS TV-nin iki verilişinin yayımının dayandırılması barədə qərar qəbul edib

    “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” proqramları ilə bağlı qərar qəbul olunub

    Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Şuranın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, iclasda ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata baxılıb. ANS televiziyasının efirində yayımlanan “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” proqramlarında sosial problemlərin həllinə dəstək adı altında yaradılan saxta şouların mövcudluğunu, ailədaxili münaqişələr, cəmiyyətdə müşahidə olunan digər bu kimi ayrı-ayrı neqativ halların müzakirə mövzusuna və sosial problemlərin şouya çevrildiyini, bir sıra mövzuların süni şəkildə günlərlə davam etdirildiyini, əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradıldığını, ailələrin, qohumların üz-üzə qoyulduğunu, insanların heysiyyatı ilə oynanıldığını, süni gərginliyin yaradıldığını, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verildiyini, efirin şəxsi intriqalara alət edildiyini, milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl edilmədiyini, şəxslərin ölkə Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, proqrama verilmiş tələblərin, eyni zamanda sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğunu nəzərə alaraq ANS televiziyasının efirində həftə ərzində şənbə və bazar günləri istisna olmaqla 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 16.20-dən – 19.00-dək yayımlanan “Sən tək deyilsən” proqramının, hər həftənin bazar günü saat 21:30-dan 24:00-dək yayımlanan “Xoşqədəmlə axtarıram səni” proqramının yayımının 05 oktyabr 2015-ci il tarixdən etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.

    İclasda həmçinin ANS televiziyasının efirində yayımı dayandırılmış “Sən tək deyilsən” proqramının efir vaxtında - həftə ərzində şənbə və bazar günləri istisna olmaqla 1-5-ci günlər, saat 16.20-dən – 19.00-dək və “Xoşqədəmlə axtarıram səni” proqramının efir vaxtında – hər həftənin bazar günü saat 21:30-dan 24:00-dək mədəni maarifçilik, intellektual xarakterli proqramların yayımının “ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən təmin edilməsi barədə qərar qəbul edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi