MTRŞ-nin şöbə müdiri: "Telekanalların yeni hazırladığı verilişlərin anonsları diqqətdə saxlanılır"

MTRŞ-nin şöbə müdiri: "Telekanalların yeni hazırladığı verilişlərin anonsları diqqətdə saxlanılır" MTRŞ yay aylarında monitorinqini davam etdirib
Media
12 Sentyabr , 2017 14:41
MTRŞ-nin şöbə müdiri: Telekanalların yeni hazırladığı verilişlərin anonsları diqqətdə saxlanılır

Bakı. 12 sentyabr. REPORT.AZ/ Milli Televiziya və Radio Şurası (MTRŞ) yay aylarında Azərbaycan telekanallarında yayımlanan verilişlərin monitorinqini davam etdirib.

Bu barədə "Report"a MTRŞ-nin Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov məlumat verib.

Onun sözlərinə görə, yay aylarında telekanalların efirində, əsasən, təkrar verilişlər yayımlanıb: "Televiziya əməkdaşları yay mövsümü ilə əlaqədar olaraq, məzuniyyətə çıxıb. Bundan başqa, verilişlərin əksəriyyətinin yayımına fasilə verilib. Nəticədə efirdə, əsasən, təkrar verilişlərin, layihələrin, teleserilların yayımlanması tendensiyası özünü göstərib. Xüsusilə daha çox reytinq gətirən verilişlərin təkrar yayımına üstünlük verilib. Yay mövsümündə verilişlərin təkrar yayımlanması halı nomaldır, dünya təcrübəsində də mövcuddur. Verilişlərin təkrar yayımı aparıldığından ciddi qanun pozuntuları aşkarlanmır".

T.Dadaşov deyib ki, hazırda bəzi telekanallarda yeni verilişlərə start verilsə də, əksəriyyətində yenilərinin anonsu aparılır: "Şura tərəfindən yeni hazırlanmış verilişlər, onların anonsları diqqətlə izlənilir. Yeni hazırlanan verilişlərin milli-mənəvi dəyərlərə yer verib-vermədiyi, maarifləndirmə tutumunun hansı səviyyədə olduğu diqqət mərkəzində saxlanılır. Hər hansı mənfi məqam nəzərə çarparsa, bununla bağlı tədbirlər görüləcək. Bunula belə, mövsümün tamaşaçılar üçün daha maraqlı olacağına inanırıq. Çünki yayımçıların yeni mövsümü maraqlı etməyə çalışdıqları hiss olunur". 

Son xəbərlər

Orphus sistemi