​MTRŞ-nın “Lider” TV-yə qarşı apellyasiya şikayətinə baxılıb

​MTRŞ-nın “Lider” TV-yə qarşı apellyasiya şikayətinə baxılıb Yasamal Rayon Məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb
Media
5 Dekabr , 2015 09:41
​MTRŞ-nın “Lider” TV-yə qarşı apellyasiya şikayətinə baxılıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) “Lider TV və Radio Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən iclasda Yasamal Rayon Məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, keçən ilin sonunda MTRŞ “Lider TV və Radio Azərbaycan” MMC-yə xəbərdarlıq edib. Belə ki, MTRŞ İnzibati Xətalar Məcəlləsinin 187-1.0.1 (yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulması), 187-1.0.4 (texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanmasına və ya reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına və ətraf mühitin qorunmasına ziyan vuran hərəkətlərin təqdir olunmasına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsi) iki maddəsini əsas tutaraq şirkətə rəsmi xəbərdarlıq edib.

“Lider” TV xəbərdarlıqla bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan MTRŞ apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi