​MTRŞ ANS TV-nin efirində baş verən qalmaqallara münasibət açıqlayıb

​MTRŞ ANS TV-nin efirində baş verən qalmaqallara münasibət açıqlayıb Təvəkkül Dadaşov: "Tövsiyə olunacaq ki, bu kimi halların qarşısı alınsın"
Media
6 Noyabr , 2014 13:37

Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ)  ANS TV-nin efirində yayımlanan "Adam içində" və "Bazar səhəri" verilişlərində baş verən qalmaqallarla bağlı münasibət bildirib.

MTRŞ-nin Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov "Report"a açıqlamasında deyib ki, ANS TV-nin həmin verilişlərində o qədər də kobud ifadə işlədilmədiyindən, məsələyə xüsusi reaksiya verilməyəcək. Lakin tövsiyə olunacaq ki, bu kimi halların qarşısı alınsın.

Şöbə müdiri qeyd edib ki, bu cür halların efirdə baş verməsi yolverilməzdir: "Televiziyalarda efir etikasına riayət olunmalıdır. Efirdə baş verən bütün hallara görə kanallar məsuliyyət daşıyır. Aparıcılar mənfi halların qarşısını maksimum dərəcə almalıdır, onların ilkin vəzifəsi verilişlərinə hakim olmaqdır, mövzu seçiləndə, qonaq dəvət edəndə bütün məsələləri nəzərə almaq lazımdır. Bu cür hallar baş verdikdə, kanalın rəhbərliyi ilə danışıqlar aparırıq. ANS rəhbərliyi də istəməzdi ki, belə hal baş versin".

Qeyd edək ki, noyabrın 2-də ANS TV-nin efirində canlı yayımlanan “Bazar səhəri” verilişində müğənni Təranə Qumralla həmkarı Nazənin arasında qalmaqal baş verib. Müğənni Təranə Qumral Nazənin haqqında sərt ifadələr işlədib. O, Nazəninin "yeddi dəfə ərə getdiyini" iddia edib.

Digər bir qalmaqal isə həmin TV-nin efirində yayımlanan "Adam içində" verilişinin 4 noyabr 2014-cü il tarixli buraxılışında klarnet ifaçısı Vaqif Mirzəyevlə verilişin aparıcılarından olan Afət Rahilqızı arasında baş verib.

Son xəbərlər

Orphus sistemi