Yuxarı
    Bağlamaq

    Vüqar Rəhimzadə: "DTX-nin "reket jurnalistlər"ə qarşı keçirdiyi əməliyyatlar alqışlanmalıdır"

    Mətbuat Şurasının İdarə Heyətinin üzvü: Bu insanların mətbuatdan, jurnalistikadan anlayışları belə, yoxdur© Courtesy İmage

    Bakı. 8 dekabr. REPORT.AZ/ "Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin "reket jurnalistlər"ə qarşı keçirdiyi əməliyyatlar jurnalistikanın saflaşmasına xidmət edir".

    Bunu "Report"a açıqlamasında Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə deyib.

    O bildirib ki, DTX-nin həyata keçirdiyi bu iş jurnalistikanın saflaşmasına, bəzi şəxslərin "jurnalist" fəaliyyəti adı altında insanlara qarşı törətdikləri mənəvi terrorun aradan qaldırılmasına, cəmiyyətin inkişafına xidmət edir: "Bu tədbirlərin keçirilməsi alqışlanmalıdır. Hər bir sağlam düşüncəli insan bu tipli tədbirləri dəstəkləməlidir. Azərbaycanda jurnalistika ilə bağlı yaradılmış şəraitdən bəzən sui-istifadə halları da olur. Ümumiyyətlə, jurnalistikaya aidiyyəti olmayan insanların qəzet təsis edərək "fəaliyyət" göstərməsi, insanların şəxsi həyatlarına müdaxilə, təhqir, böhtan atması doğru deyil. "Reket" qəzetlərin əməkdaşları böyük təşkilat rəhbərlərinə qarşı mənəvi terror həyata keçirirlər. Bu adamlar jurnalistikaya inamsızlıq yaradırlar, xələl gətirirlər. Mətbuat Şurası bu işlərin qarşısını almağa çalışır. Bu, ictimai qınaq səviyyəsində olsa da, müəyyən tədbirlər görürük".

    R.Rəhimzadə vurğulayıb ki, Azərbaycanda hələ də "reket jurnalistika" ilə məşğul olan şəxslər var: "Mətbuat Şurasının araşdırmalarından bəlli olur ki, orta təhsili olmayan bəzi şəxslər media qurumları yaradıblar. Bu insanların mətbuatdan, jurnalistikadan anlayışları belə, yoxdur. Onlar qəzet təsis etməklə çirkin niyyətlərini həyata keçirirlər. İctimai fikirə təsir etməyən media qurumları mövcuddur ki, fərdlərə qarşı böhtan xarakterli yazıları dərc edirlər, onların ünvanlarına göndərirlər. Ona görə də həmin şəxslərə qarşı tədbirlər davam etdirilməlidir".

    Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir neçə gün öncə keçirdiyi əməliyyat nəticəsində "Bizim dövr" və "Gündəlik Bakı" qəzetlərinin baş redaktorları saxlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi