MOK VƏ KİVDF jurnalistləri mükafatlandırıb

MOK VƏ KİVDF jurnalistləri mükafatlandırıb Birinci yeri tutana 700 manat, ikinci olana 500 manat, üçüncü yerin sahibinə isə 300 manat pul mükafatı verilib
Media
24 İyun , 2015 17:13
MOK VƏ KİVDF jurnalistləri mükafatlandırıb

Bakı. 24 iyun. REPORT.AZ/ Milli Olimpiya Komitəsi (MOK) və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb. "Report" xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti, MOK-un baş katibi Ağacan Abiyev, KİV rəhbərləri və jurnalistlər iştirak edib.

Vüqar Səfərli bildirib ki, müsabiqənin məqsədi I Avropa Oyunlarının Azərbaycan üçün müstəsna əhəmiyyətinin ictimaiyyətə daha yaxından çatdırılması ilə bağlı peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır: "Müsabiqənin mövzusu "I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti" seçilib. Müsabiqə aprelin 8-dən mayın 15-nə qədər davam edib. Bu müddət ərzində ümumilikdə 52 yazı daxil olub. Ekspertlər yazıları yoxladıqdan sonra 3 yer üzrə qaliblər müəyyənləşdirilib. Qaliblər Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar. Həmçinin birinci yeri tutana 700 manat, ikinci olana 500 manat, üçüncü yerin sahibinə isə 300 manat pul mükafatı veriləcək. Bundan əlavə, 10 yazı müəllifinə həvəsləndirici mükafat kimi 150 manat verməyi nəzərdə tutmuşuq".

MOK-un baş katibi Ağacan Abiyevin sözlərinə görə, Azərbaycan I Avropa Oyunları ilə dünyanı lərzəyə salıb: "I Avropa Oyunlarının dünyaya çatdırılmasında media işçilərinin rolu əvəzsizdir".

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov mətbuat işçiləri arasında belə müsabiqələrin keçirilməsinin çox əlamətdar hadisə olduğunu deyib.

Tədbirin sonunda qaliblərin mükafatları təqdim edilib.

Son xəbərlər

Orphus sistemi