Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib 5 KİV-lə bağlı məsələ Şuranın "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında araşdırılacaq
Media
30 Dekabr , 2015 16:11
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının bu il üçün son iclası keçirilib. Şuradan "Report"a verilən xəbərə görə, iclasda MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiyanın üzvləri 5 məsələni araşdırıb.

İlk olaraq müstəqil jurnalist Xalid Kazımovun "Milli.az" internet portalı ilə bağlı müraciətinə baxılıb. Komissiya tərəfləri dinləyərək rəyə gəlib ki, şikayət doğuran yazıda etik prinsiplərin bir sıra tələbləri pozulub. Lakin sayt sonradan qarşı tərəfin mövqeyinə aydınlıq gətirib. Komissiya bunu məqbul sayıb. Eyni zamanda həmin kütləvi informasiya vasitəsinə bu kimi yazıların təqdimatına daha həssas yanaşmağı tövsiyə edib.

İclasda 5 KİV-lə əlaqədar materialların araşdırılmaq üçün Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasına göndərilməsi məntiqi hesab olunub. "Xalq tribunası" qəzetinin Sumqayıt Şəhər Məhkəməsinin rəhbərliyi barədə yazılarının "reket jurnalistika"ya xas tərzdə səhifəyə çıxarılması, "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın əksər prinsip və bəndlərinin tələblərinin pozulması buna əsaslar verib.

"Azfakt.az", "Azerinfo.org", "Reportyor.tv" və "pia.az" saytlarının da adlarının MŞ-nin "qara siyahı"sına salınması məsələsinə həmin komissiyanın Şuranın İdarə Heyətinə təqdimatından sonra baxılacaq. 

Müzakirələr zamanı bildirilib ki, bu KİV-lərin Ağdam Rayon İcra Hakimiyyəti barədə yayımladıqları məlumatların əksəriyyəti peşə etikasına zidd şəkildə, korporativ həmkarlıq formasında yayımlanıb. Belə materiallar bir qayda olaraq informasiyaların nə dərəcədə həqiqiliyi yoxlanılmadan verilir, bunlarda şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun aşağılanmasına yönələn fikirlər yer alır.

Çıxışlarda o da vurğulanıb ki, ölkədə oxşar metodlarla birgə hərəkət edən 30-a yaxın sayt mövcuddur. Mətbuat Şurası bu cür hallara qarşı mübarizənin yeni vasitələrini nəzərdən keçirməlidir.

Ağdam şəhər sakini Rafiq Nəbiyevin "ölkə.az" saytı ilə əlaqədar müraciətinin müzakirəsində cavabdeh tərəfə müraciət müəllifinin mövqeyinin yayımlaması tövsiyə olunub.

"Gundemxeber.az" saytı Ucar şəhər sakini Vahid İbrahimovun müraciəti əsasında şikayət doğuran materialı oradan götürdüyü üçün məsələ həllini tapmış hesab edilib.   

Son xəbərlər

Orphus sistemi