Yuxarı

Mətbuat Şurasının sədri: "Bəzi mətbuat orqanları baş verən hadisələri araşdırmadan məlumat yayırlar"

Mətbuat təmsilçiləri reket saytlara və qəzetlərə qarşı sərt tədbirlər görülməsini təklif ediblər

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurası “Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış” mövzusunda "dəyirmi masa" keçirib.

“Report”un məlumatına görə, tədbirdə qəzetlərin, informasiya agentliklərinin, həmçinin internet xəbər saytlarının baş redaktorları, jurnalist təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, medianın işi ölkədə baş verənləri diqqətdə saxlamaqdır: “Azərbaycan mediası bunun öhdəsindən gələ bilir. Amma bəzi məsələlərdə yanlışlıq da olur. Belə ki, bəzi media nümayəndələri baş verən hadisəni araşdırmadan tirajlayır. Bu da doğru deyil. Biz bu məsələləri hüquqi müstəvidə deyil, media müstəvisində həll etməyə çalışırıq”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüsalə Mahirqızı bildirib ki, xəbər yalan ola bilməz, yalandırsa, deməli, xəbər deyil: “Bu şayiədir. Bəzən hansısa sayt məlumatı araşdırmadan tirajlayır, digər xəbər saytları da həmin xəbəri yayırlar. Bu, doğru deyil. Əgər baş verənlər xəbərdirsə, mütləq yazılmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevlə sonuncu görüşümüzdə də bu məsələlərə toxunduq”.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli qeyd edib ki, indi bəzi KİV-lərdə qarşı tərəfin mövqeyi nəzərə alınmır: “Qərəzli məlumatlar yayırlar. Bəzi “reket” saytlar şantaj xarakterli müxtəlif məlumatları tirajlayırlar. Hadisələrə etik media kontekstindən qiymət veriləndə məlum olur ki, burada heç bir etik prinsiplərə əməl olunmayıb. Əgər qanunun sərt üzü göstərilsə, o zaman bu gün xeyli media nümayəndəsi məsuliyyətə cəlb oluna bilər”.

“525-ci qəzet"in baş redaktoru Rəşad Məcid yalan məlumat yayan saytların adlarının açıqlanmasını təklif edib. O bildirib ki, həmin saytların adları açıqlanmalıdır və ciddi tədbirlər görülməlidir: “Məsələn, yazırlar ki, Ziya Məmmədov həbs edildi, Fazil Məmmədov işdən çıxarıldı. Dəqiqləşdirilməmiş informasiyaların tirajlanması doğru deyil. "Reket" qəzetlər və saytlarla bağlı tədbirlər görülməlidir. Onların bəziləri Mətbuat Şurasının rəhbərliyini, üzvlərini, məmurları təhqir edirlər. Bunların fəaliyyətini dayandırmaq, qadağa qoymaq lazımdır. Qəzet köşklərinə baxırsan, onların qəzetləri öndədir. Belə olmamalıdır”.

Sonra digər mətbuat nümayəndələri çıxış ediblər. Onlar "reket" saytlara qarşı tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi