​Mətbuat Şurasında "Olaylar"ın 20 illik yubileyi ilə bağlı toplantı keçirilib

​Mətbuat Şurasında "Olaylar"ın 20 illik yubileyi ilə bağlı toplantı keçirilib Əflatun Amaşov MŞ-nin yubilyar kütləvi informasiya vasitələrinə ünvanladığı təbrik plaketini Yunus Oğuza təqdim edib
Media
24 Aprel , 2015 19:34
​Mətbuat Şurasında Olayların 20 illik yubileyi ilə bağlı toplantı keçirilib

Bakı. 24 aprel. REPORT.AZ/ Bu gün Mətbuat Şurasında "Olaylar" qəzetinin və eyniadlı informasiya agentliyinin 20 illik yubileyi ilə bağlı toplantı keçirilib. Bu barədə "Report"a Şuradan məlumat verilib. 

Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, "Olaylar"ın Azərbaycanın müasir media tarixindəki rolu böyükdür: "Bu böyüklük baş redaktor Yunus Oğuzun şəxsi keyfiyyətlərinin məcmusu kimi diqqət çəkməkdədir. Yunus Oğuz hələ "Olaylar"ı yaratmazdan öncə də mətbu fəaliyyətlə məşğul olub. Bu fəaliyyət cəmiyyətə azad düşüncə tərzinin gətirilməsinə xidmət edib. O, qeyri-leqal nəşrlər kimi tanıdığımız "samizdat"ları ərsəyə gətirməklə xalqın milli özünüdərki istiqamətində aparılan proseslərə son dərəcə mühüm töhfə verib. Yunus Oğuzun 1995-ci ildə təsis etdiyi "Olaylar" qəzeti və eyni adlı İnformasiya Agentliyi isə başlanılan işin daha mütəhərrik qaydada davamı baxımından əlamətdar səciyyə daşıyıb"..

Daha sonra Ə. Amaşov MŞ-nin yubilyar kütləvi informasiya vasitələrinə ünvanladığı təbrik plaketini Y.Oğuza təqdim edib.

İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli "Olaylar"ı cəmiyyətdə özünü təsdiqləmiş etibarlı informasiya orqanı adlandırıb. O, eyni zamanda, Y.Oğuz şəxsiyyətini xarakterizə edən cəhətlərdən söz açaraq onun tarixi faktları bədii yaradıcılığa gətirmə dəst-xətti üzərində dayanıb.

MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, cəsarətli qələm adamı kimi 30 ildir tanıdığı Y.Oğuzun daşıdığı müsbət keyfiyyətləri rəhbərlik etdiyi qurumda da cəmləşdirməsi müstəsna yaradıcılıq məqamıdır.

Eyni fikri bölüşən MŞ İdarə Heyətinin üzvü, "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı xüsusi vurğulayıb ki, hər bir KİV ona rəhbərlik edən şəxsin simasıdır. O, həmçinin "Olaylar"ı Azərbaycanın media məkanında ədalətli rəqabət nümunəsi olaraq dəyərləndirib.

MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, "Olaylar" qəzeti və informasiya agentliyi ənənəsi olan KİV-lərdir və onlar ictimai fikrin ifadəçisi missiyasını ləyaqətlə yerinə yetirməkdədirlər.

MŞ İdarə Heyətinin üzvü, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl Y.Oğuzun türk dünyasının tarixi şəxsiyyətlərinin təqdimatındakı xidmətlərindən söz açıb və müəllifin rəhbərlik etdiyi KİV-lərin də türk dünyası ilə bağlı həqiqətlərin işıqlandırılmasındakı müstəsna roluna toxunub.

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli "Olaylar"da çalışdığı illəri xatırlayıb və bildirib ki, qəzet və informasiya agentliyi üçün prioritet mövzular 20 ildir dəyişməz qalıb. Bu mövzular ümumilikdə türk dünyası üçün aktual səciyyə daşımaqdadır. M.Ələsgərli həmçinin "Olaylar"ı məktəb funksiyası yerinə yetirən KİV olaraq dəyərləndirib.

MŞ İdarə Heyətinin üzvü, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev "Olaylar"ın cəmiyyətdə qəzetçilik ruhunun zəif olduğu vaxtlarda meydana atıldığını vurğulayıb və qeyd edib ki, nəşrin gördüyü işlər başlanılmış milli prosesin məntiqi davamı nöqteyi-nəzərdən əhəmiyyətli olub.

Eyni fikri bölüşən MŞ İdarə Heyətinin üzvü, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, "Olaylar" qəzeti və eyniadlı informasiya agentliyi 20 illik ömür yolu tarixi araşdırmalar predmetinə çevrilə biləcək KİV-lərdir.

Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, BDU-nun jurnalistika fakultəsinin professoru Nəsir Əhmədli, "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu, Səs İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs, "Ekspress" qəzetinin baş redaktoru Qəzənfər Bayramov, "Gündəlik teleqraf" qəzetinin redaktoru Taleh Şahsuvarlı və başqaları "Olaylar" qəzeti və informasiya agentliyinin Azərbaycanın müasir jurnalistika tarixindəki önəmini vurğulayan fikirlər səsləndirməklə yanaşı, yubilyar KİV-lərə rəhbərlik edən Y.Oğuzu istedadlı qələm sahibi, publisist və yazıçı, sadiq dost kimi səciyyələndiriblər.

Son xəbərlər

Orphus sistemi