Mətbuat Şurası Vergilər Nazirliyi ilə birgə keçirdiyi müsabiqəyə yekun vurub - SİYAHI

Mətbuat Şurası Vergilər Nazirliyi ilə birgə keçirdiyi müsabiqəyə yekun vurub - SİYAHI Həvəsləndirici mükafat alanlar sırasında “Report” İnformasiya Agentliyinin əməkdaşı Tural İbadlı da var
Media
26 İyul , 2016 19:02
Mətbuat Şurası Vergilər Nazirliyi ilə birgə keçirdiyi müsabiqəyə yekun vurub - SİYAHI

Bakı. 26 iyul. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurasının (AMŞ) Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birgə keçirdiyi “Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində” mövzusundakı fərdi yazı müsabiqəsi qaliblərinin adları açıqlanıb. 

AMŞ-dan "Report"a verilən məlumata görə, bu məqsədlə Vergilər Nazirliyində keçirilmiş mərasimdə MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, vergilər nazirinin müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri Sahib Ələkbərov, bu dövlət qurumunun məsul əməkdaşları, Şuranın İdarə Heyətinin üzvləri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan S.Ələkbərov ulu öndər Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafındakı əvəzolunmaz xidmətlərindən danışıb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu sahəyə diqqətin gündən-günə artırıldığını söyləyib. Vergilər Nazirliyinin mətbuata daim açıq olan bir dövlət qurumu olduğunu vurğulayan S.Ələkbərov nazirliyin KİV nümayəndələri ilə sıx əməkdaşlıq etdiyini, görülmüş işlər, əldə edilmiş uğurlar barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırıldığını diqqətə çatdırıb.

Müstəqil Azərbaycanın vergi sisteminin və vətəndaşlarda vergi mədəniyyətinin formalaşmasında kütləvi informasiya vasitələrinin müstəsna rol oynadığını vurğulayan nazir müavini büdcə gəlirlərinin artırılması üçün vergi təbliğatının gücləndirilməsi, vergilərin hara və niyə xərclənməsi barədə həmin vergiləri ödəyənlərin daha ətraflı məlumatlandırılması, bu sahədə şəffaflığın təmin edilməsi üçün hələ çox işlərin görülməli olduğunu qeyd edib.

S.Ələkbərov Mətbuat Şurası ilə birgə keçirilmiş müsabiqənin məqsədinin Azərbaycanın müasir vergi sistemi ilə bağlı məlumatların cəmiyyətə çatdırılmasında vətəndaş və jurnalist yaradıcılığını stimullaşdırmaqdan ibarət olduğunu bildirib. O, müsabiqəyə yeni iqtisadi inkişaf modelinin formalaşmasında vergi siyasətinin rolu, vergi islahatları, vergi təbliğatı, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi sisteminin və sahibkarlıq subyektlərinin fəaliyyətinin şəffaflaşdırılması və s. mövzuları əhatə edən yazıların təqdim olunduğunu diqqətə çatdırıb. Materialların Vergilər Nazirliyi və Mətbuat Şurasının müəyyən etdiyi xüsusi komissiya tərəfindən qiymətləndirildiyini vurğulayıb.

MŞ sədri Ə.Amaşov Azərbaycan dövlətinin medianın inkişafına daim diqqət və qayğı göstərdiyini vurğulayıb. Bu baxımdan ayrıca dövlət dəstəyi Konsepsiyası var. Bununla belə ayrı-ayrı dövlət qurumları da öz istiqamətləri üzrə müsabiqələr təşkil etməklə media fəaliyyətini stimullaşdırırlar. Bu proses jurnalistlərin ixtisaslaşmalarına töhfədir. Vergilər Nazirliyi ilə birgə keçirilən yazı müsabiqəsinə jurnalistlərin böyük maraq göstərdiyini, təqdim edilən yazıların geniş spektrli olduğunu diqqətə çatdıran Ə.Amaşov buna səbəb kimi nazirlik tərəfindən media ilə münasibətlərin yüksək səviyyədə qurulmasını göstərib və gələcəkdə də əməkdaşlığın davam etdiriləcəyinə əmin olduğunu bildirib.

Çıxış edənlərdən MŞ sədrinin müavinləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları vergi orqanları ilə medianın birgə əməkdaşlığının hüquqi, demokratik dövlət quruculuğu baxımından önəmini vurğulayıblar. Tədbirdə həmçinin jurnalistləri düşündürən suallar cavablandırılıb.

Qeyd edək ki, müsabiqəyə qəzet, informasiya agentliyi, internet media resursu daxil olmaqla 40 kütləvi informasiya vasitəsindən ümumilikdə 62 yazı təqdim edilib. Yazı qəbulu 2016-cı ilin may ayının 25-dən iyul ayının 15-dək aparılıb. Öncədən müəyyənləşdirildiyi kimi, müsabiqədə bir 1-ci (1000 manat), iki 2-ci (hər biri 800 manat), və eyni sayda 3-cü yer (hər biri 500 manat) olub. Bundan başqa 5 həvəsləndirici mükafat (hər biri 200 manat) nəzərdə tutulub.

Müsabiqə laureatlarının siyahısı aşağıdakı kimidir:

I yer

İlhamə Abdullayeva, “Fins.az”saytı

II yer

Rauf Nəsirov, “Bakinski raboçi” qəzeti

Həbibə Qafarova, “Afn.az” saytı

III yer

Tamilla Xəlilova, “Kaspiy” qəzeti

Seymur Əliyev, “Moderator.az” saytı

Həvəsləndirici mükafatlar

Elxan Salahov, “İki sahil” qəzeti

Əziz Xəlilov, “Exo” qəzeti

Ramiz Cürənov, Azəri Press Agentliyi (APA)

Tural İbadlı, “Report” İnformasiya Agentliyi

Nadir İsmayılov, “Yeni Azərbaycan” qəzeti

Son xəbərlər

Orphus sistemi