Yuxarı

Mətbuat Şurası jurnalist Fazil Abbasovun 70 illik yubileyi ilə bağlı toplantı keçirib

Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəxri diplomunu yubilyara təqdim edib

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə veteran jurnalist, tanınmış yazıçı və publisist Fazil Abbasovun (Fazil Güney) 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib. Bu barədə "Report"a Şuradan məlumat verilib.

Milli Məclisin deputatı, MŞ sədri Əflatun Amaşov yubilyarı peşəkar və prinsipial, jurnalist, əsl dost və vətənpərvər insan kimi xarakterizə edən cəhətlərindən söz açıb. O bildirib ki, F.Abbasov Azərbaycanın ən çətin dövründə örnək səciyyə daşıyan əməli fəaliyyətə malik qələm sahiblərindən olub: "Fazil müəllimin ötən əsrin 90-cı illərində yaratdığı “Assa İradə” İnformasiya Agentliyi respublikanın informasiya blokadasının yarılmasında əhəmiyyətli rol oynadı, Azərbaycan həqiqətlərini dünyaya bəyan etdi. Bu, son dərəcə mühüm missiya idi. Sonrakı illərdə də Fazil Abbasov jurnalist, eyni zamanda alim kimi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna xidmətlər göstərib".

Daha sonra Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəxri diplomunu F.Abbasova təqdim edib.

Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov bildirib ki, yubilyar jurnalist əməksevərliyi, səmimiyyəti ilə onu tanıyanların qəlbində əbədi yer tapa bilib. "Fazil Abbasov sözün həqiqi mənasında vətənpərvər olub, Vətənə, doğma yurda hədsiz sədaqətini gördüyü işlərə məharətlə daşıyıb".

Xalq şairi Sabir Rüstəmxanlı çıxışında bildirib ki, F.Güney fəaliyyəti ən yüksək səviyyədə qiymətləndirilməyə layiq ziyalıdır. F.Abbasovun bədii yaradıcılığının xarakterik cəhətlərindən söz açan S.Rüstəmxalı yubilyarın ədəbiyyatımızın təbliği istiqamətində də mühüm işlər gördüyünü diqqətə çatdırıb, “Qara qan” tarixi romanı ilə böyük oxucu məhəbbətini qazandığını vurğulayıb. Şair əsəri ədəbiyyat tariximizdə sanballı yaradıcılıq nümunəsi kimi dəyərləndirib.

Toplantıda çıxış edənlərdən MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, dinşünas alim Rafiq Əliyev, Türk Xalqları Ümumdünya Assambleyasının rəhbəri Yəhya Əliyev, MŞ İdarə Heyətinin üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, veteran jurnalist Məzahir Süleymanzadə, “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı və başqaları F.Güneyi yüzlərlə publisistik yazının, felyeton, pamflet və hekayələrin, elmi məqalələrin müəllifi kimi səciyyələndirən çoxsaylı cəhətlərə diqqət çəkib, onun şəxsi keyfiyyətlər baxımdan da örnək olduğunu vurğulayıblar.

Sonda çıxış edən yubilyar yaradıcılığına verdikləri yüksək qiymətə görə həmkarlarına və dostlarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Fazil Abbasov 1945-ci ildə Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin “Ərəb dili tərcüməçiləri” şöbəsində, həmçinin Şimali Afrikada ən nüfuzlu təhsil ocağı sayılan Əlcəzair Universitetində təhsil alıb. Tələbəlik illərində Cəbrayıl rayonunda rayonlararası qəzetdə çalışıb.

F.Güneyin ilk hekayəsi 1965-ci ildə nəşr olunub. 1975-1976-cı illərdə “İnşaatçı” qəzetində, 1976-1991-ci ildə isə “Kirpi” jurnalında fəaliyyət göstərib. Uzun illər Suriya, İraq və Liviyada hərbi və mülki tərcüməçi kimi çalışıb.

Qarabağ gerçəkliklərini dünyada yaymaq üçün 1991-ci ilin əvvəlində “AssA-İradə” Azərbaycan Beynəlxalq Xəbər Agentliyini, 1997-ci ildə ingiliscə nəşr olunan “AzerNews” qəzetini yaradıb. Qarabağ münaqişəsindən bəhs edən üç cildlik “Qara qan” tarixi romanının müəllifi kimi daha çox populyarlıq qazanıb. Özünəməxsus yaradıcılıq yolu, orijinal üslubli əsərləri ilə tanınan F.Abbasov Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi