Mətbuat Şurası Fransa Senatının üzvlərini mükafatlandırıb

Mətbuat Şurası Fransa Senatının üzvlərini mükafatlandırıb Şurada Natali Quleni və Andre Riçardla görüş keçirilib
Media
16 İyun , 2015 13:58
Mətbuat Şurası Fransa Senatının üzvlərini mükafatlandırıb

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycan jurnalistləri Fransa Senatının üzvləri Natali Qulenin və Andre Riçardla görüşüblər.

Bu barədə "Report"a Azərbaycan Mətbuat Şurasından məlumat verilib. 

Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən görüşdə şura sədri Əflatun Amaşov deyib ki, I Avropa Oyunlarının möhtəşəm açılış mərasimi olub. O, Azərbaycanın bu beynəlxalq tədbirlə dünyanı dostluğa, sülhə, qardaşlığa, bərabərliyə səslədiyini vurğulayıb.

Senator N.Qule də I Avropa Oyunlarının açılış mərasiminin onda zəngin təəssürat yaratdığını deyib. O bildirib ki, Azərbaycan belə təqdimatla dünyaya sülh və barış mesajını verməklə yanaşı, özünün mühüm mədəniyyət mərkəzi kimi təqdim edib. Senator habelə Azərbaycanın Qərbin mühüm strateji tərəfdaşı olduğunu diqqətə çatdırıb. Xüsusən də Azərbaycan-Fransa münasibətləri üzərində dayanıb.

N.Qule I Avropa Oyunları öncəsi Azərbaycana təyziq cəhdlərindən də danışıb. O, Azərbaycanın Qərbin mühüm tərəfdaşı olduğunu vurğulayıb. Senator Azərbaycanın şimalda Rusiya, cənubda İran dövlətilə qonşu olduğunu xatırladıb və əlavə edib ki, Qərb mətbuatı mövcud reallığı mütləq şəkildə nəzərə almalıdır.

Milli Məclisin deputatı, Mətbuat Şurasının beynəlxalq əlaqələr komissiyasının sədri Cavanşir Feyziyev də I Avropa Oyunlarının açılış mərasiminin yüksək səviyyədə təşkilindən qürur hissi keçirdiyini dilə gətirib. Mühüm idman hadisəsinin dünyaya çatdırılması üçün beynəlxalq miqyasda tanınmış kütləvi informasiya vasitələrinin Azərbaycana gəldiyini qeyd edən C.Feyziyev bildirib ki, Mətbuat Şurası xarici media nümayəndələrinin və ictimai-siyasi xadimlərin yerli jurnalistlərlə görüşünün təşkilinə xüsusi önəm verir. Bu baxımdan İsrailin və Türkiyənin media nümayəndəri ilə təmaslarının olduğunu deyib.

Fransa-Azərbaycan dostluq qrupunun üzvü, senator Andre Riçard çıxışına Azərbaycanda keçirilən I Avropa Oyunlarının açılış mərasimi barədə təəssüratlarını bölüşməklə başlayıb. Mərasimin onu valeh etdiyini bildirən A.Riçard Fransanın oyunlarda iştirakçı idmançı sayına görə 3-cü yerdə qərarlaşdığını əlamətdar hal kimi diqqətə çatdırıb. O, gənc müstəqil dövlət olan Azərbaycanın böyük perspektivə malik olduğunu vurğulayıb.

Görüşdə senatorlar N.Quleyə və A.Riçarda Azərbaycan və Fransa arasındakı dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Mətbuat Şurasının fəxri diplomları təqdim edilib.

Son xəbərlər

Orphus sistemi