Yuxarı

​Mətbuat Şurası ATV əməkdaşlarının döyülməsi ilə bağlı Baş Prokurorluğa müraciət ünvanlayıb

“Sizdən bu məsələnin ətraflı araşdırılmasına, müvafiq qanuni ölçü götürülməsinə kömək göstərməyinizi xahiş edirik”

Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurası ATV telekanalının “Yoxlama” layihəsinin əməkdaşlarına fiziki təzyiqlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət ünvanlayıb.

Şuradan “Report”a daxil olan məlumata görə, müraciətdə bildirilib ki, bu il iyunun 4-də ATV telekanalının “Yoxlama” layihəsinin əməkdaşları - Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə Şamaxı şəhərindəki “Şamaxı” yeməkxanasında çəkiliş apararkən insident baş verib. Bununla bağlı müxtəlif kütləvi informasiya vasitələrində, o cümlədən internet informasiya resurslarında məlumatlar yayılıb: “Sözügedən yeməkxananaın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanov telekanalın əməkdaşlarına fiziki təzyiq göstərib, onlara məxsus videokameranı, səs qurğusunu və digər avadanlığı sındırıb”.

Müraciətdə eyni zamanda bildirilib ki, hər bir jurnalist işinə məsuliyyətlə yanaşmalıdır. Mövcud yanaşma cəmiyyətin mənafelərinin, informasiyaya olan tələbatının yerinə yetirilməsi zərurətinə əsaslanmalıdır. Jurnalistlərin sərbəst və maneəsiz şəkildə öz peşə vəzifələrini yerinə yetirmələrinə qanuni şərait yaradılmalıdır. Məhz buna görə də ATV telekanalının əməkdaşlarının üzləşdikləri durum ciddi şəkildə nəzarətdə saxlanılmalıdır.

“Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu prosesində yuxarıda qeyd etdiyimiz cəhətlərə, ümumən media amilinə həssas yanaşılır. Əminik ki, sizin sayənizdə ATV telekanalının “Yoxlama” layihəsinin əməkdaşları ilə bağlı insidentə də eyni həssaslıqla yanaşılacaq. Sizdən bu məsələnin ətraflı araşdırılmasına, müvafiq qanuni ölçü götürülməsinə kömək göstərməyinizi xahiş edirik”, - deyə, müraciətdə vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi