Məhkəmə Qulu Məhərrəmlinin vəsatətini təmin edib

Məhkəmə Qulu Məhərrəmlinin vəsatətini təmin edib Proses aprelin 25-də davam etdiriləcək
Media
7 Aprel , 2016 16:02
Məhkəmə Qulu Məhərrəmlinin vəsatətini təmin edib

Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanovun professor, əməkdar jurnalist Qulu Məhərrəmliyə qarşı mülki qaydada dəymiş ziyanın ödənilməsi barədə verdiyi şikayət üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Etibar Hümbətovun sədrliyi ilə keçirilən proses açıq olmasına baxmayaraq, jurnalistlər məhkəmə zalına buraxılmayıb.

Prosesdə Q.Məhərrəmlinin nümayəndəsi Nicat Gözəlov vəsatətlə çıxış edib. O, hazırda Yasamal Rayon Məhkəməsində A.Alışanovun Q.Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında iddia qaldırdığını xatırladaraq prosesin təxirə salınmasını istəyib.

Vəsatət təmin olunub.

Proses aprelin 25-də davam etdiriləcək.

Qeyd edək ki, A.Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. Bundan sonra Alışanov Məhərrəmlini məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. Bununla bağlı A.Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlidən 100 min manat pul tələb edib. A.Alışanov ərizəsində həmin pulu Körpələr Evinə verəcəyini göstərib. Həmçinin, A.Alışanov Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlinin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib.

Aprelin 1-də A.Alışanovun Q.Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə hər iki tərəfin nümayəndələri çıxış edib. İclasda Q.Məhərrəmli iştirak edib, A.Alışanovu isə nümayəndəsi təmsil edib.

İş baxışa götürülməyib. Proses qeyri-müəyyən günə qədər təxirə salınıb. Məhkəmənin təxirə salınmasına səbəb şikayətçinin prosesdə iştirak etməməsi olub. Belə ki, Q.Məhərrəmli A.Alışanovun prosesdə iştirak etməsinə dair vəsatət qaldırıb. Məhkəmə iclasından bir neçə gün sonra prosesin aprelin 8-nə təyin edilməsi barədə qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi