"Le Carrefour" qəzetinin Frankofoniya həftəsində təqdimatı keçirilib

"Le Carrefour" qəzetinin Frankofoniya həftəsində təqdimatı keçirilib Zeynəb Kazımova: "Qəzetin yaradılmasında əsas məqsəd Azərbaycan-Fransa əlaqələrinin inkişafına dəstək vermək və Azərbaycanın təbliğidir"
Media
6 Aprel , 2017 17:22
Le Carrefour qəzetinin Frankofoniya həftəsində təqdimatı keçirilib

Bakı. 6 aprel. REPORT.AZ/ Fransız-Azərbaycan Universitetində (UFAZ) Azərbaycanın yeganə fransızdilli mətbu nəşri olan “Le Carrefour” (Yol qovşağı) qəzetinin və www.lecarrefour.az saytının Azərbaycanda Frankofoniya həftələri çərçivəsində təqdimatı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Cavanşir Feyziyev, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, millət vəkili Kamran Nəbizadə, “Milli Məclis” jurnalının baş redaktoru Ülviyyə Abdullayeva, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Fransa səfirliyinin, müxtəlif media təşkilatları və orqanlarının rəhbərləri və nümayəndələri, fransız dili üzrə mütəxəssislər və media nümayəndələri iştirak ediblər.

Qəzetin təsisçisi və baş redaktoru Zeynəb Kazımova “Le Carrefour” qəzetinin yaranması tarixindən, qəzetin ilk nəşrinin çapından, hazırkı durumundan, qəzetin elektron versiyasının fəaliyyətindən danışıb. Qəzetin yaradılmasında əsas məqsədin Azərbaycan-Fransa əlaqələrinin inkişafına dəstək vermək və Azərbaycanın təbliği olduğunu vurğulayan Z.Kazımova qəzetin və saytın fəaliyyətinin Azərbaycan-Fransa münasibətlərinin media sahəsindəki əməkdaşlığına yönəldiyini bildirib. O deyib ki, 2007-ci ildən fəaliyyət göstərən qəzetin bu il 10 yaşı olacaq. 

Z.Kazımova qəzetin 2009-cu ildən yaradılan www.lecarrefour.az saytının hazırda həm də gündəlik xəbər portalı kimi uğurlu fəaliyyətindən söz açıb.

O, Azərbaycanın təbliği və tanıdılması, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ümumilikdə Azərbaycan həqiqətlərinin fransızdilli xarici auditoriyaya çatdırılmasında qəzetin və saytın ölkəmizdəki və dünyadakı frankofon oxuculara istiqamətləndiyini bildirib. Baş redaktor qəzetin fəaliyyətinin həm də Fransanın ölkəmizdə tanıdılması, Fransaşünas, fransız dili üzrə təhsil alan, bu dillə maraqlanan və fransız dilini sevən insanların böyük maraqla izlədiyini və onların maraq dairəsində olduğunu deyib. Z.Kazımova qəzetin Fransanın TV5 Monde və Beynəlxalq Fransızdilli Mətbuat Birliyi ilə əlaqələrindən də danışıb. O, “Le Carrefour” qəzetinin təşəbbüsü ilə Azərbaycan Mətbuat Şurası ilə birgə dəfələrlə Azərbaycanda xaricidilli medianın fəaliyyəti ilə bağlı müxtəlif tədbirlərin, dəyirmi masaların təşkil olunduğunu da diqqətə çatdırıb.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez qəzetin fəaliyyətini yüksək qiymətləndirib. 10 yaşını qeyd edəcək qəzetin Azərbaycan-Fransa əlaqələrinin inkişafında daha geniş rol oynayacağına inamını ifadə edib. Azərbaycanla Fransa arasında əlaqələrin yaranmasının bu il 25 ilinin tamam olduğunu vurğulayan səfir iki ölkənin bütün sahələrdə əməkdaşlıq etdiyini deyib. O, Azərbaycanda yeganə frankofon qəzetin mövcudluğundan məmnun olduğunu deyib. O.Buşez Frankofoniya həftələri çərçivəsində Azərbaycanda müxtəlif tədbirlərin təşkil olunduğunu bildirərək qeyd edib ki, Azərbaycanda Frankofoniya həftələri iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etməsinə kömək edəcək: "Qəzetin hazırkı fəaliyyəti fransızdilli oxucuları sevindirir, həmçinin bu qəzetin universitetlərlə və müxtəlif təşkilatlarla əməkdaşlığı məqsədə müvafiqdir. Xanım səfir qəzetə fəaliyyətində uğurlar arzulayıb.

Əflatun Amaşov qeyd edib ki, “Le Carrefour” qəzeti Azərbaycan Mətbuat Şurasının üzvüdür və ölkəmizdə yeganə fransızdilli qəzetdir: “Le Carrefour” qəzetinin rəhbərliyi ilə Azərbaycanda xaricidilli medianın fəaliyyətinə həsr olunmuş bir sıra tədbirlər keçirilib. “Ölkədə fransız dili sevilir, məktəb və universitetlərdə tədris olunur. Bu dil azərbaycanlıların sevdiyi Hüqonun, Zolyanın, Volterin, Balzakın dilidir”.

Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycanda fransızdilli qəzetin fəaliyyət göstərməsini yüksək qiymətləndirərək bunun vacibliyindən söz açıb. Azərbaycan və Fransa arasında əlaqələrə toxunan deputat qeyd edib ki, fransız dili sovet dövründə də Azərbaycanda geniş yayılıb və istifadə olunub. 

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə ölkəmizdə nəşr olunan fransızdilli qəzetin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bir vasitə olduğunu bildirib. 

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid rəhbəri olduğu qəzetlə “Le Carrefour” qəzeti arasında 2009-cu ildən qurulmuş yaradıcılıq əməkdaşlığı olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi