Yuxarı
    Bağlamaq

    Jurnalistlərin mükafatlandırılması üçün Mətbuat Şurasına daxil olan müraciətlərin sayı açıqlanıb

    Əflatun Amaşov: İyulun 20-nə qədər qaliblər müəyyənləşəcək

    Bakı. 10 iyun. REPORT.AZ/ "Mətbuatın 140 illik yubileyi münasibətilə mükafatlandırılmaya təqdim olunmaq üçün Mətbuat Şurasına 100-ə yaxın müraciət daxil olub".

    Bunu "Report"a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. 

    O bildirib ki, redaksiyalar və jurnalist təşkilatları əməkdaşlarının mükafatlandırılması ilə bağlı Prezident Administrasiyasına özləri də müraciət edə bilərlər: "Bu, Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamda da əksini tapıb. Mətbuat Şurası çalışacaq ki, uzun müddət media mənsubu kimi çalışan, mətbuatın inkişafında xidmətləri olan, təcrübəyə malik insanlar mükafatlandırılsınlar".

    Ə.Amaşov mükafatla bağlı müraciətlərin qəbul olunmasının iyul ayının ortalarına qədər davam edəcəyini deyib: "Hələlik zaman var. Yəqin ki, iyulun 20-nə qədər qaliblər müəyyənləşəcək. Milli Mətbuat Günündə -iyulun 22-də mükafatlandırma olacaq".

    Xatırladaq ki, iyunun 2-də Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Prezident Administrasiyasına Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirlərinin keçirilməsini təmin etmək, jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında milli mətbuatın inkişafında xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Prezidentə təqdim etmək tapşırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi