Yuxarı

​Pekində AzərTAc-ın saytının Çin dili versiyasının təqdimatı olub

Tədbirin təşkilatçıları Azərbaycanın Çindəki səfirliyi və AzərTAc olub

Bakı. 17 dekabr. REPORT.AZ/ Çinin paytaxtı Pekində AzərTAc-ın saytının Çin dili versiyasının təqdimat mərasimi və “Azərbaycan-Çin münasibətlərinə AzərTAc-ın fotoobyektivindən baxış” mövzusunda fotosərgi keçirilib.

"Report"un məlumatına görə, Çinin Xarici Ölkələrlə Dostluq Assosiasiyasının ev sahibliyi ilə keçirilən tədbirin təşkilatçıları Azərbaycanın Çindəki səfirliyi və AzərTAc olub.

Təqdimat mərasimində Çin Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, Mətbuat, Nəşriyyat, Radio, Film və Televiziya üzrə Dövlət Administrasiyasının, Kommersiya, Mədəniyyət və Təhsil nazirliklərinin, yerli KİV-lərin, o cümlədən Sinxua agentliyinin, Çin Mərkəzi Televiziyasının (CCTV), “Renmin Ribao” rəsmi qəzetinin, Çin Beynəlxalq Radiosunun nümayəndələri, nüfuzlu araşdırma və tədqiqat mərkəzlərinin, ali təhsil müəssisələrinin təmsilçiləri iştirak ediblər.

Çinin Xarici Ölkələrlə Dostluq Assosiasiyasının sədr müavini Li Cianpin, Sinxuanetin vitse-prezidenti Vanq Cinfu, Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktor müavini Li Cinfenq, Çin Mincu Universitetinin professoru Xu Genxua və Azərbaycan səfiri Lətif Qəndilov çıxış edərək, AzərTAc-ın Çin dilində xəbərlər buraxmasının iki ölkənin münasibətlərinin daha da yaxınlaşmasına töhfə verəcəyinə əminliklərini ifadə ediblər. Bildirilib ki, agentliyin saytının Çin dili versiyası Çin ictimaiyyətinin Azərbaycan haqqında ilk mənbədən məlumat əldə etməsi baxımından böyük əhəmiyyət daşıyır.
AzərTAc-ın Çindəki xüsusi müxbiri Şahin Cəfərov agentliyin baş direktoru Aslan Aslanovun təbrik məktubunu oxuduqdan sonra AzərTAc, o cümlədən agentliyin saytının Çin dili versiyası haqqında təqdimat edib. Bildirilib ki, son illər beynəlxalq əlaqələri genişlənən AzərTAc Çinin KİV-ləri, xüsusən də rəsmi Sinxua agentliyi ilə yaxşı əməkdaşlıq əlaqələri yaradıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi