Bakı. 26 May. REPORT.AZ/ İranda casusluqla əlaqədar Washington Post qəzetinin müxbiri Ceyson Rezaiyanın məhkəməsi başlayıb. "Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, məhkəmə ictimaiyyət üçün qapalı keçir.
İranın dövlətə məxsus İRNA agentliyi prosesin İnqilab Məhkəməsində keçirildiyi haqda məlumat verib.
Keçən il iyul ayında həbs edilmiş Ceyson Rezaiyan heç bir ittiham irəli sürülmədən və vəkillə görüşməyə icazə verilmədən aylardır İranın Evin həbsxanasında saxlanılıb.
Ceyson Rezaiyanın qardaşı Əli deyib ki, rəsmilər məhkəməni təhlükəsizlik səbəblərinə görə deyil, heç bir sübutun olmadığını bildiklərinə görə qapalı keçirir.
Washington Post qəzeti və ABŞ Dövlət Departamenti dəfələrlə Ceyson Rezaiyanın azad edilməsinə çağıraraq, onun müxbir kimi çalışaraq heç bir səhv iş görmədiyini bildirib.
ABŞ rəsmiləri də İranla nüvə danışıqları zamanı Rezaiyanın məsələsini qaldırıb.