İlk milli xəbər agentliyi olan AZƏRTAC-ın yaranmasından 95 il ötür

İlk milli xəbər agentliyi olan AZƏRTAC-ın yaranmasından 95 il ötür Agentliyin əsası 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən qoyulub
Media
1 Mart , 2015 08:11
İlk milli xəbər agentliyi olan AZƏRTAC-ın yaranmasından 95 il ötür

Bakı. 1 Mart. REPORT.AZ/ 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən əsası qoyulmuş ilk milli xəbər agentliyi - AZƏRTAC mürəkkəb və şərəfli yol keçib. Xalq Cümhuriyyətinin süqutundan sonra agentlik SİTA-nın filialı kimi fəaliyyət göstərib, 70 il ərzində adı 7 dəfə dəyişdirilib. Nəhayət, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra agentliyin tarixi adı özünə qaytarılıb.

AZƏRTAC bu gün ölkə həyatının bütün sahələri - ictimai-siyasi, iqtisadi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və digər sahələr haqqında fasiləsiz olaraq 24 saat ərzində 7 dildə - Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və çin dillərində operativ informasiyalar yayır. Bu sıraya ayda 30 mindən artıq xəbər, 80 mindən çox foto, 800-dən artıq videoxəbər, 30-dən çox infoqrafika materialı daxildir. Dünyanın bir çox nüfuzlu informasiya agentlikləri mötəbər və etibarlı xəbər qaynağı kimi tanınan AZƏRTAC-ın informasiyalarından istifadə edir. AZƏRTAC regionda 7 dildə informasiya və 5 dildə videoxəbər yayan yeganə agentlikdir.

Qlobal informasiya məkanında özünəməxsus yer və mövqe tutan AZƏRTAC 2004-cü ildən dünyanın nüfuzlu informasiya agentliklərini özündə birləşdirən Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) üzvüdür. Hazırda OANA-nın saytında yerləşdirilən informasiyaların sayına görə liderlik AZƏRTAC-a məxsusdur.

2008-ci ildə Avropa Xəbər Agentlikləri Alyansına (EANA) daxil olan AZƏRTAC, eyni zamanda Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (PANİA) təsisçilərindən biridir.

2011-2013-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasına sədrlik edən AZƏRTAC hazırda Türkdilli Xəbər Agentlikləri Birliyində eyni missiyanı həyata keçirir.

AZƏRTAC 40-a yaxın ölkənin milli informasiya agentlikləri ilə müqavilələr imzalayıb və onlarla uğurla əməkdaşlıq edir. Yaxın günlərdə daha bir neçə ölkənin informasiya agentlikləri ilə müqavilələr imzalanacaq.

2008-ci ilin sentyabrında AZƏRTAC OANA-nın İcraiyyə Komitəsinin “Qloballaşan dünyada informasiya hamı üçün” mövzusunda 30-cu iclasına ev sahibliyi edib. İlk dəfə olaraq, Avropa və Asiyanın 20-dən çox ölkəsinin informasiya agentliklərinin rəhbərləri və yüksək vəzifəli təmsilçiləri Azərbaycan paytaxtına toplaşmışdı. Bilavasitə AZƏRTAC-ın təşəbbüsü ilə OANA-nın və EANA-nın rəhbərliyi ilk dəfə bu iclasda bir araya gəlmişdi.

2013-cü ilin sentyabr ayında OANA-nın Moskvada keçirilən XV Baş Assambleyasında AZƏRTAC-ın Baş direktoru qurumun vitse-prezidenti və dalbadal üçüncü dəfə Büro üzvü seçilib. Həmçinin OANA-nın növbəti Baş Assambleyasının Bakıda keçirilməsi, 2016-2019-cu illərdə bu quruma AZƏRTAC-ın sədrliyi barədə qərar qəbul olunub.

2013-cü il noyabrın 20-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin, OANA, EANA, FANA, İİNA xəbər alyanslarının, Associated Press, Reuters, Frans Press, EFE, SKY News Arabia, Los-Angeles Times, Guardian, BBC kimi media nəhənglərinin, məşhur MSN, Google, Yahoo internet korporasiyalarının rəhbərlərinin iştirakı ilə keçirilən Xəbər Agentliklərinin IV Konqresində AZƏRTAC daha bir uğura imza atıb. Konqresin qərarına əsasən Xəbər Agentliklərinin V Dünya Konqresinə 2016-cı ildə Azərbaycan ev sahibliyi edəcək. Bununla da 2016-2019-cu illərdə Xəbər Agentliklərinin Dünya Konqresinə sədrlik AZƏRTAC-a keçəcək.

Facebook, Twitter, YouTube, Instagram kimi sosial şəbəkələrdə AZƏRTAC-ın Azərbaycan, ingilis və fransız dillərində profilləri fəaliyyət göstərir. Agentliyin Azərbaycan dilində Facebook səhifəsinin daimi istifadəçilərinin sayı 110 min nəfərə yaxınlaşır, əhatə dairəsi isə orta hesabla 20-50 milyon nəfər arasında dəyişir. ABŞ-ın sosial medianın təhlili ilə məşğul olan SocialBakers analitik şirkətinin statistikasında AZƏRTAC-ın Azərbaycan dilində Facebook səhifəsi ölkənin ən sürətlə artan profilləri və media səhifələri sırasında ilk beşlikdə yer alır, informasiya agentlikləri arasında isə birincidir. SocialBakers-in göstəricilərində AZƏRTAC-ın Twitter və YouTube profilləri də Azərbaycan üzrə “Media” kateqoriyasında daim ilk beşlikdə yer tutur.

Xarici ölkələrdəki müxbir şəbəkəsi, beynəlxalq əlaqələrinin coğrafiyası ildən-ilə genişlənən AZƏRTAC-ın bu gün 21 ölkədə - ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Avstriya, İspaniya, İtaliya, Çin, Yaponiya, İsveç, Rumıniya, Latviya, Macarıstan, Rusiya, Ukrayna, Misir, Türkiyə, Gürcüstan, İran, Özbəkistan və Türkmənistanda, eləcə də respublikanın bütün bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.

95 illik yubiley ərəfəsində Prezident İlham Əliyevin imzaladığı Sərəncamla agentliyin adı dəyişdirilərək Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) adlandırılıb. Dövlətimizin başçısının digər sərəncamları ilə AZƏRTAC-ın iki əməkdaşına “Əməkdar jurnalist”, üç əməkdaşına “Əməkdar mədəniyyət işçisi”, bir əməkdaşına “Əməkdar mühəndis” adı verilib, yeddi əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif edilib.

AZƏRTAC-ın perspektivləri cəlbedicidir. Hazırda agentlik üçün orijinal layihə əsasında müasir tələblərə uyğun bina inşa edilir. Agentlik yaxın vaxtlarda öz fəaliyyətini ən son texnoloji avadanlıqla təchiz olunması nəzərdə tutulan yeni binada davam etdirərək yeni hədəflərə doğru daha qətiyyətlə irəliləyəcək.

Son xəbərlər

Orphus sistemi