Yuxarı

“İki sahil” qəzetinin 25 yaşı tamam olur

“İki sahil” qəzetinin keçdiyi zəngin və şərəfli tarix böyük təcrübə, gələcək üçün möhkəm təməldir

Bakı. 12 iyul. REPORT.AZ/ “İki sahil” qəzetinin 25 yaşı tamam olur. 

"Report" qəzetin yaranması və inkişaf dövrü ilə bağlı məqaləni təqdim edir.

"Əsrin dörddə birini geridə qoyan “İki sahil” qəzeti bu gün 25 ilin zirvəsindən arxaya baxır. 25 illik tarix qısa bir dövr kimi səciyyələnsə də, böyük uğurlara bələdçilik edən bu zamanın nə qədər yaddaqalan, əlamətdar, maraqlı hadisələrlə zəngin olduğunu “İki sahil”çilər kimi bu yolda qoşa addımlayan çoxsaylı oxucular da təsdiqləyərlər.

“İki sahil” qəzeti kifayət qədər çətin tarixi bir şəraitdə yaranıb. 1990-1991-ci illərdə Azərbaycanda xaos, anarxiya hökm sürürdü. Ölkəmiz həmin illərdə sovetlər birliyinin dağılması və müstəqil dövlət quruculuğu proseslərini yaşama ərəfəsində idi. Respublikada özbaşınalıq, mətbuata təzyiqlər, azad sözün boğulması adi hala çevrilmişdi. Məhz bu dövrdə nəşrə başlayan “İki sahil” bütün çətinliklərə baxmayaraq, dövlətçilik və milli maraqlar uğrunda əzmlə mübarizə aparır, oxucuları doğru, dəqiq informasiya ilə təmin edirdi.

Azərbaycan 1991-ci ildə müstəqilliyini yenidən bərpa etsə də, o zamankı iqtidarının yarıtmaz fəaliyyəti, hakimiyyət uğrunda mübarizənin dərinləşməsi ölkənin varlığını, suverenliyini sual altında qoymuşdu. O dövrdə “İki sahil” öz səhifələrində reallıqları olduğu kimi oxuculara çatdırmaqdan, Azərbaycanın xilaskarının ümummilli lider Heydər Əliyev olduğunu qətiyyətlə bəyan edirdi. Nəşrə başladığı ilk gündən Heydər Əliyevin ideyaları, azərbaycançılıq məfkurəsi qəzetin əsas prinsiplərinə çevrilmişdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev bütün sahələr kimi, müstəqil mətbuatın inkişafına da xüsusi diqqət və qayğı göstərdi. Mətbuat azadlığının inkişafına əngəl olan süni maneələr aradan qaldırıldı, bu sahədə mükəmməl qanunvericilik bazası yaradıldı.

Ümummilli Lider YAP-ın yaradılmasının ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində “İki sahil” qəzetinin rolunu yüksək dəyərləndirib: “O vaxt “İki sahil” qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin “İki sahil” qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm.”

“İki sahil” Yeni Azərbaycan Partiyasının quruculuğunda fəal iştirak edib. Bunun əsas səbəblərindən biri YAP-ın quruculuğuna ümummilli lider Heydər Əliyev rəhbərlik etməsi idi. O dövrdən başlayaraq ulu öndər Heydər Əliyevin fəaliyyəti qəzetin səhifələrində öz əksini tapıb. Partiya quruculuğu, Ümummilli Liderin Azərbaycan dövlətçiliyinə xidməti, ölkəmizi düçar olduğu böhranlardan qurtarmaq və gələcək inkişafına rəhbərlik siyasəti mütəmadi olaraq işıqlandırılıb. Təsadüfi deyil ki, məşhur “91-lər”in ulu öndər Heydər Əliyevə ünvanladığı müraciəti ilk dərc edənlərdən biri də “İki sahil” qəzeti olub.

Demokratiyanın əsas prinsiplərindən biri seçkilərin azad, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsidir. Bu gün ölkəmizdə mütərəqqi seçki qanunvericiliyi və praktikası mövcuddur. Bu günədək keçirilən prezident, parlament və bələdiyyə seçkilərində, eyni zamanda, referendumlarda “İki sahil” xüsusi fəallığı ilə seçilib, YAP-ın bu kampaniyalarda iştirakı və böyük qələbəsi təbliğ edilib.

“İki sahil” qəzetinin 25 illik yubileyinin Azərbaycanın 25 illik müstəqillik tarixi ilə üst-üstə düşməsi mühüm hadisədir. Müstəqilliyimizin qorunması naminə göstərilən fədakarlıq, müstəqil Azərbaycanla yanaşı, “İki sahil”in də keçdiyi inkişaf yoludur. Qəzet hər zaman mətbuatın qarşısında dayanan peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə əməl edərək, müstəqil Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təbliğatçısına çevrilib.

Qəzetin fəaliyyətini fərqləndirən mühüm xüsusiyyətlərdən biri Azərbaycanın dövlət quruculuğu prosesinin bütün mərhələlərini öz prinsiplərinə müvafiq əks etdirməsidir. Müasir dövlət quruculuğu prosesləri, Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, Azərbaycan mədəniyyətinin, incəsənətinin, təhsilinin inkişaf mərhələləri qəzetdə dolğun şəkildə əks etdirilir. Ölkə rəhbəri möhtərəm İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası, Heydər Əliyev Fondunun təhsil, mədəniyyət və s. sahələrdə reallaşdırdığı layihələr qəzetin səhifələrində xüsusi yer tutur.

“İki sahil” qəzeti SOCAR-ın təsisçiliyi ilə fəaliyyət göstərən mətbuat orqanı olaraq daim səhifələrində ölkənin dinamik inkişafına stimul verən iqtisadi tərəqqini, bu inkişafı şərtləndirən amilləri, xüsusilə Azərbaycanı dünyada tanıdan və ölkəmizin enerji bazarındakı mövqeyini möhkəmləndirən neft-qaz layihələrilə bağlı yenilikləri ətraflı şəkildə oxuculara çatdırır. İqtisadiyyat inkişafın təməl daşıdır. Ölkə iqtisadiyyatının düzgün əsaslar üzərində qurulması isə dövlətin düşünülmüş və məqsədyönlü siyasəti ilə bağlıdır. Bu vəhdəti daim qoruyan qəzetin yaradıcı heyəti 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurların rəqəmlərin dili ilə geniş təhlilini verir, ictimaiyyətin bu istiqamətdə informasiya tələbatını dolğun şəkildə ödəyir.

Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmasaydı, BTC və BTƏ neft-qaz kəmərlərindən, TANAP, TAP, “Cənub Qaz Dəhlizi”ndən danışmaq qeyri-mümkün idi. Bu layihələrin icrasını uğurla həyata keçirən, ölkə iqtisadiyyatına öz töhfələrini verən SOCAR-ın dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq müasir tələblərə cavab verən, beynəlxalq səviyyəli, güclü və çevik bir quruma çevrilmək istiqamətində atdığı addımların, şirkətin müxətlif ölkələrdə həyata keçirdiyi investisiya layihələrinin uğurlu nəticələrinin, onun ayrı-ayrı strukturlarının gördüyü işlərin təbliğatçısına çevrilən “İki sahil” daim səhifələrində informasiya bolluğunu təmin etməyə çalışır. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar, dövlətlər, xalqlar arasında körpü rolunu oynayan qlobal layihələrin uğurlu icrası nəticəsində iqtisadi imkanlarının genişlənməsi əsasında ölkəmizin hərtərəfli inkişafına xidmət edən addımların davamlılığı qəzetimizin səhifələrində gündəlik təhlil edilir.

Dövlət müstəqilliyimizin möhkəmləndirilməsində neftçi əməyini yüksək dəyərləndirən ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 20 sentyabr tarixinin neftçilərin peşə bayramı günü kimi təsis edilməsi də bu diqqətin bariz nümunəsidir. “İki sahil” qəzetinin hər il Neftçilər Günü ərəfəsində Azərbaycanın neft-qaz sənayesində qazandığı uğurların geniş təhlilini özündə əks etdirən “Xüsusi buraxılış” hazırlaması cəmiyyətin avanqard qüvvəsi olan çoxminli neftçilər ordusu tərəfindən böyük sevinc hissi ilə qarşılanır.

Təbii ki, bütün bunlar qəzetimizin keçdiyi inkişaf yoluna qısa bir nəzərdir. Bu uğurlar birgə səylərin məhsuludur. İnkişafı, yeniliyi qarşısına məqsəd qoyan “İki sahil”in fəaliyyəti hər zaman dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. Ötən dövrdə qəzetimizin əməkdaşları “Əməkdar jurnalist” fəxri adına və “Tərəqqi” medalına layiq görülüb. Bu diqqət və qayğı məsuliyyət hissini daha da artırır. Şübhəsiz ki, hər zaman öz əqidəsinə sadiq qalan “İki sahil” bundan sonra da çoxəsrlik dövlətçilik ənənələrimiz, milli mənəvi dəyərlərimiz, həqiqətlərimizin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında səylə çalışacaq, bu müqəddəs missiyanı uğurla yerinə yetirəcək.

Qəzetimizin ötən 25 ildə keçdiyi zəngin və şərəfli tarix böyük təcrübə, gələcək üçün möhkəm təməldir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi