​Həsən bəy Zərdabinin büstü ziyarət olunub

​Həsən bəy Zərdabinin büstü ziyarət olunub Media nümayəndələri büstün ətrafında abadlıq işləri aparıb üzərinə əklil qoyublar
Media
21 İyul , 2016 18:40
​Həsən bəy Zərdabinin büstü ziyarət olunub

Bakı. 21 iyul. REPORT.AZ/ "Sputnik" Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun təşəbbüsü ilə bu media qurumunun təmsilçiləri və Azərbaycan Mətbuat Şurası rəhbərliyi milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında yerləşən büstünü ziyarət edib.

Şuradan "Report"a verilən məlumata görə, media nümayəndələri büstün ətrafında abadlıq işləri aparıb üzərinə əklil qoyublar.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov böyük maarifçi Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə əsasını qoyduğu “Əkinçi” qəzetinin Azərbaycanın mətbuat və ümumilikdə ictimai fikir tarixində oynadığı rola diqqət çəkib. O bildirib ki, 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər nəşr edilən “Əkinçi” qəzetinin ümumilikdə 56 sayı işıq üzü görsə də, bu, Azərbaycanda sonradan milli qəzetlərin yaranmasına böyük təkan verib. “Əkinçi”dən sonra maarifçilik ideyalarını təbliğ edən “Kəşkül” və “Ziya”, “Kaspi”, “Şərqi-rus”, “Molla Nəsrəddin” kimi qəzetlər, jurnallar yaranıb. “Hazırda Azərbaycan mətbuatı azad və sərbəst şəkildə inkişaf edir. Ulu öndər Heydər Əliyevin mətbuat üzərindən senzuranı götürməsi tarixi hadisə olmaqla yanaşı, demokratik mətbuatın inkişafına təkan verdi. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir” – deyə Ə.Amaşov vurğulayıb.

Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev çıxışında bildirib ki, Həsən bəy Zərdabi Azərbaycan mətbuatının banisi olmaqla yanaşı, ölkənin ilk maarifçilərindən biri kimi tarixdə dərin iz buraxıb: “Sabah Azərbaycanın bütün media strukturları peşə bayramını qeyd edəcək. Bu səbəbdən, Sputnik beynəlxalq informasiya agentliyi Mətbuat Şurası ilə birgə Azərbaycan jurnalistikasının banisi Həsən bəy Zərdabinin xatirəsini yad etdi, dahi mütəfəkkirin ruhuna ehtiramını bildirdi. Zərdabinin irsi indi Azərbaycanda mövcud olan azad və demokratik jurnalistikaya təkan verib. Biz beynəlxalq agentlik olmaqla yanaşı, həm də Azərbaycan media məkanının bir parçasıyıq və milli mətbuatımızın yarandığı əlamətdar günü xüsusi şəkildə qeyd etməliyik”, -deyən Ə. Əliyev rəhbərlik etdiyi media qurumunun mətbuatın inkişafına töhfə verəcək analoji tədbirlərinin davamlı olacağına əminliyini bildirib.

Son xəbərlər

Orphus sistemi