Yuxarı

Əflatun Amaşov: "Bir çox hallarda ədəbi dilin pozulması halları KİV-lərdə müşahidə olunur"

Qubada Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: problemlər və perspektivlər mövzusunda konfrans keçirilib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Qubada "Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: problemlər və perspektivlər" mövzusunda konfrans keçirilib.

Mətbuat Şurasından "Report"a verilən məlumata görə, yerli və ətraf bölgələrin kütləvi informasiya vasitələrinin təmsilçiləri, ictimaiyyət nümayəndələrinin qatıldıqları toplantı Mətbuat Şurasının Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi "Azərbaycanın mətbuat məkanında ədəbi dilin qorunmasına dəstək" layihəsi çərçivəsində baş tutub.

Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov açaraq Azərbaycan ədəbi dilinin qorunmasının vacibliyini əsaslandırıb. O, təmsil olunduğu dövlət qurumunun da məsələyə xüsusi önəm verdiyini diqqətə çatdırıb. Ümumən mövzuya daha peşəkar şəkildə yanaşılmasının zəruriliyindən bəsh edən Y.Abidov tədbirin bu baxımdan əhəmiyyətli olacağına inamını bildirib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışına Azərbaycan Prezidenti İlham Əliyevin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramından söz açmaqla başlayıb. O bildirib ki, sənədə əsasən bir çox təşkilatlar kimi, Azərbaycan Mətbuat Şurasının üzərinə də mühüm missiya düşür. Şura bu missiyanı gerçəkləşdirmək üçün artıq neçə ildir Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə layihə gerçəkləşdirməkdədir: "Layihə çərçivəsində ölkənin müxtəlif bölgələrində tematik toplantılar təşkil olunur. Həmçinin ölkənin aparıcı, ictimai rəyə təsir göstərən KİV-lərinin monitorinqi də aparılır. Ümumən çalışırıq ki, cəmiyyət içərisində ədəbi dilin qorunması məsələlərinə münasibətdə aktivlik yaradaq. Media fəaliyyəti isə həssasdır. Bir çox hallarda ədəbi dilin pozulması halları KİV-lərdə müşahidə olunur. Buna görə də ilk növbədə media fəaliyyətinin müxtəlif aspektlərini müzakirə edəcəyik. Hesab edirik ki, Quba bu baxımdan əhəmiyyətli bölgələrimizdəndir. Rayonda 5 qəzet işıq üzü görür, televiziya kanalı fəaliyyət göstərir".

MŞ-nin KİV-lərin ana dilinə riayət sahəsində həyata keçirdiyi monitorinqin qrup rəhbəri, «Xalq qəzeti»nin şöbə müdiri İlham Abbasov çıxışında mətbuatda ana dilindən istifadə ilə bağlı konkret pozuntu faktlarından söz açıb. O bildirib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra qəbul edilən dövlət sənədləri içərisində ədəbi dilin qorunmasına yönələn fərman və sərəncamlar üstünlük təşkil edir. Bu, Azərbaycan dövlətinin məsələyə verdiyi önəmin nəticəsidir.

Konfransda çıxış edənlər mövzunun aktuallığını vurğulayaraq iş təcrübələrində rastlaşdıqları bir sıra məqamlardan söz açıblar. Konfrans qarşılıqlı fikir mübadilələri şəraitində davam etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi