Fəxri Uğurlu Report Media Məktəbində çağdaş Azərbaycan ədəbiyyatından danışıb

Fəxri Uğurlu Report Media Məktəbində çağdaş Azərbaycan ədəbiyyatından danışıb “Multikulturalizm” jurnalının baş redaktoru, yazıçı Fəxri Uğurlu Report Media Məktəbinin tələbələri ilə görüşüb.
Media
29 Yanvar , 2020 18:01
Fəxri Uğurlu Report Media Məktəbində çağdaş Azərbaycan ədəbiyyatından danışıb

“Multikulturalizm” jurnalının baş redaktoru, yazıçı Fəxri Uğurlu Report Media Məktəbinin tələbələri ilə görüşüb. 

O, gənclərə Azərbaycan dilinin zənginliyindən, çağdaş Azərbaycan ədəbiyyatından, müasir tendensiyalardan danışıb.

“Sözləri haradan tapırsınız? Yazıçı yeni sözü ədəbiyyata necə gətirir” sualını cavablandıran Fəxri Uğurlu bildirib ki, dilə daxil olan sözlər müxtəlif yollarla, yazıçıların vasitəsi ilə gətirilir: “Biz, yazı adamları, gəlmə sözlərdən qaçmağa çalışırıq. Amma sırf, necə deyərlər, “papaq altında” qalmış sözləri ədəbiyyata gətirmək də asan deyil. Amma gətirən gətirir. Elə Əli Vəliyev, Süleyman Rəhimovu oxuduqda görürük nə qədər maraqlı söz var. Deyək, “Pirqulunun kürkü”ndə belə ifadəyə rast gəlirik: Pirqulu kefsizləmişdi, qapısında bir gəzəri də qalmamışdı. Gəzəri qalmayıb o deməkdir ki, mal-qaradan, qoyun-quzudan, toyuq-cücədən heç nəyi yoxdur. Eldə belə sözlər az deyil”.

Yazıçı Azərbaycan ədəbiyyatında kifayət qədər maraqlı imzanın olduğunu qeyd edib: “Ötən əsrin 60-cı illərindən başlayaraq yeni tendensiyalar, yeni ədəbi axınlar, yeni ab-hava bizim də ədəbiyyata gəldi. İsa Muğanna, Sabir Əhmədov, Çingiz Hüseynov kimi imzalar ədəbiyyatı zənginləşdirdi. Çağdaş ədəbiyyatdakı dinamikanı görmək üçün o dövrdən başlayaraq ortaya qoyulan əsərləri də bilməliyik”.

Daha sonra Fəxri Uğurlu gənc jurnalistlərin suallarını cavablandırıb.

Report Media Məktəbi 2018-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir.

Bu müddətdə bir neçə buraxılış olub, Report Media Məktəbini uğurla bitirən məzunlara sertifikat təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi