Yuxarı

​Əflatun Amaşov Abid Şərifova açıq məktub yazıb

“İnsanlarımız ölkənin baş nazirinin müavinin fikirlərini dinləməyə ehtiyac duyurdular”

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov baş nazirin müavini Abid Şərifova açıq məktub yazıb. 

“Report”un xəbərinə görə, Ə.Amaşov vurğulayıb ki, Azərbaycan dövlətinin daxili siyasətində media mühüm həlqələrdən birini təşkil edir: “Bu siyasətdə yönümündən, mövqeyindən asılı olmayaraq heç bir kütləvi informasiya vasitəsinə fərq qoyulmur. Eyni zamanda onu da vurğulamaq lazımdır ki, media ilə bağlı siyasət yalnız daxili mahiyyət daşımır. Həssaslığı ilə seçilən sahə demokratik inkişafın vacib atributu sayılan söz və ifadə azadlığı baxımından müstəsna əhəmiyyətə malikdir. Bu, bütövlükdə mütərəqqi dünya ictimaiyyətinin bəyan etdiyi başlıca prinsiplərdəndir. Demokratik inkişaf yolunda inamla addımlayan Azərbaycan Respublikasında da məsələnin mahiyyəti dəfələrlə vurğulanıb. Həm ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev çıxışlarında jurnalistikanın cəmiyyət həyatındakı rolundan söz açmaqla, dövlət siyasətinin effektivlik meyarlarının təhlilində medianın müstəsna missiyasını qabardıblar. Onların səsləndirdikləri fikirlər ölkəmizdə media-hakimiyyət münasibətlərinin fundamentallığını təsdiqləməkdədir. Hesab edirik ki, hər bir dövlət məmurunun bunları nəzərə alaraq fəaliyyət göstərməsinin ümumi işə böyük faydası var”.

Şura sədri bildirib ki, Binəqədi rayonundakı 16 mərtəbəli binada baş vermiş yanğın hadisəsi ilə əlaqədar cəmiyyətin eşitmək istədiklərini ifadə etmək də ümumi işə fayda baxımından önəmlidir: “Yüksək çinli məmur ictimaiyyətin gözləntilərini duymaq həssaslığına malikdir və səsləndirdiyi fikirlərin də həmin gözləntilərə adekvatlığı şərtdir. Abid müəllim, kifayət qədər idarəçilik təcrübəniz var. 15 nəfərin həyatına son qoymuş yanğın ətrafındakı məsələyə münasibət bildirirdiniz. Münasibətinizin dolğunluğu ilə diqqət çəkməli, hələ də başlarına gələnlərin dəhşətini yaşayan insanlara təskinlik ovqatına söykənməli, vətəndaşa dövlətinə inamı aşılamalı olduğu qənaətindəyik”.

Ə.Amaşov qeyd edib ki, Mətbuat Şurası media ictimaiyyətinin tərkib hissəsidir: “Biz mövcud məkanda baş verən proseslərdən xəbərdarıq. Bəli, jurnalistikamız kifayət qədər peşəkar deyil, ixtisaslaşma səviyyəsi zəifdir, digər problemlərimiz də var. Nəticədə bəzi jurnalistlərimizin barəsində söz açdıqları mövzudan xəbərsizliyinin üzə çıxdığı anlar da yaşanır. Ancaq elə hadisələr var ki, təcrübəli məmur jurnalistin ona ünvanladığı sualun qoyuluşundan, məzmun keyfiyyətindən, aydınlılıq dərəcəsindən asılı olmayaraq məsələnin mahiyyətinə varmalı, yalnız media əməkdaşının sualını deyil, bütövlükdə cəmiyyətə ünvanlanacaq cavabı sərf-nəzərdən keçirməlidir. Nəzərə almalıyıq ki, insanlarımızın yanğın olayı ilə əlaqədar sualları çoxdur və onlar mavi ekrandan ölkənin baş nazirinin müavinin fikirlərini dinləməyə ehtiyac duyurdular. Nə dərəcə razı qaldılar, təbiidir ki, cavabınıza münasibət heç də birmənalı ola bilməz.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasında yanğın hadisəsinin dövlətimiz üçün həssaslığını tam şəkildə ortaya qoydu. O, faciənin miqyasını təhlil edərək ayrı-ayrı vəzifəli şəxslərin məsuliyyətini vurğuladı. Olayın Azərbaycan mediası üçün ictimailik dərəcəsi məhz cənab İlham Əliyevin çıxışındakı məqamlara əsaslandı. Jurnalistlər Prezidentin şəxsində Azərbaycan dövlətinin məsələyə həssas münasibətini, ciddi yanaşma tərzinin mövcudluğunu hiss etdilər. Dövlət başçısının baxışı bütövlükdə cəmiyyətin mənafeyinin ifadəsi idi. Jurnalistlər bu cür yanaşmanı bütün məmurlardan ummaqda haqlıdırlar”.

Ə.Amaşov bildirib ki, mövcud prosesdə həm ictimai institut kimi medianın, həm də dövlətin rolunun yüksəlməsinə ehtiyac var: “Uzun müddət mühüm dövlət postundakı səmərəli fəaliyyətiniz, jurnalistlərin Sizdən olan gözləntilərini hər zaman doğrultmağınız məktubumuzda göstərilən məsələlərə həssas yanaşacağınıza, fikir və düşüncələrimizi səmimi qarşılayacağınıza əminlik yaradır. Sizə Azərbaycanın daha da çiçəklənməsinə yönələn işlərinizdə uğurlar arzulayırıq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi