Efiopiyada “İRS” jurnalının amhar dilində ilk nəşrinin təqtimatı keçirilib

Efiopiyada “İRS” jurnalının amhar dilində ilk nəşrinin təqtimatı keçirilib Jurnalda xarici işlər naziri Elmar Məmmədyarovun müraciəti də dərc olunub
Media
31 Mart , 2017 13:00
Efiopiyada “İRS” jurnalının amhar dilində ilk nəşrinin təqtimatı keçirilib

Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycan və Efiopiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar, Azərbaycanın bu ölkədəki səfirliyinin və “İRS” jurnalının redaksiyasının birgə təşkliatçılığı ilə “İRS” jurnalının amhar dilində ilk nəşrinin təqtimatı keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir paytaxt Əddis-Əbəbənin ən mühüm tarixi məkanlarından biri olan “Milli Teatrı”nda təşkil olunub.

“İRS” jurnalının ilk dəfə amhar dilində nəşr edilməsi son dövrlər Azərbaycanın Afrika qitəsi ölkələri və Efiopiya ilə genişlənən əlaqələrinin inkişafına töhfə vermək, ölkənin mədəniyyətini və zəngin maddi mədəni irsinin Afrika qitəsində, o cümlədən dünyanın qədim mədəniyyət ocaqlarından biri olan Həbəşistanda təbliğ edilməsi məqsədi daşıyır.

Amhar dilində nəşr olunmuş jurnalda Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın “Qarabağ Muğam Məktəbi” adlı məqaləsi, xarici işlər naziri Elmar Məmmədyarovun jurnal oxucularına müraciəti, Azərbaycanda təhsil almış efiopiyalı məzun Dr.Seyfu Tirfunun Azərbaycanda yaşadığı dövrü əhatə edən xoş xatirələri və digər maraqlı materiallar öz əksini tapıb. Həmçinin jurnalda Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələri, Xocalı soyqırımı, ölkənin iqtisadi inkişafı və turizm potensialı haqqında oxuculara ətraflı məlumat verilib.

Tədbirdə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, “İRS” jurnalının baş redaktoru Musa Mərcanlı, Efiopiya XİN-in mətbuat xidmətinin rəhbəri Tewolde Mulugeta, 30-dan artıq diplomatik nümayəndəliklərin rəhbərləri, dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, Efiopiyada fəaliyyət göstərən təhsil ocaqlarının müəllim və tələbə heyəti, yerli mətbuat nümayəndələri və ölkədə təhsil alan Efiopiya vətəndaşları iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Elman Abdullayev “İRS” jurnalının təsis edildiyi gündən Azərbaycanın tarixinin və mədəniyyətinin dünyada təbliğ edilməsində xüsusi rol oynadığını qeyd edib. Səfir E.Abdullayev amhar dilində nəşr edilən "İRS" jurnalının Efiopiya ictimaiyyətinə Azərbaycanla yaxından tanış olmaq imkanı yaradacığını, həmçinin iki xalq arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edəcəyini vurğulayıb.

Təqdimat zamanı Efiopiya XİN-in mətbuat xidmətinin rəhbəri Tewolde Mulugeta, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, “İRS” jurnalının baş redaktoru Musa Mərcanlı və Azərbaycanda təhsil alan efiopiyalı məzun Dr.Seyfu Tirfu çıxış ediblər.

Tədbirdə “İRS” jurnalının dünyanın müxtəlif dillərində dərc olunmuş nüsxələri sərgiləndi. Həmçinin tədbir iştirakçılarına Azərbaycanın Xalq Artisti Rəşid Behbudovun 1959-cu ildə Amhar dilində ifa etdiyi Efiopiyanın məhşur “Almaz” mahnısı təqdim edildi.

Onu da qeyd edək ki, İRS jurnalı Azərbaycan həqiqətləri və maddi-mədəni irsinin dünyada təbliği məşğul olur. Amhar dili də olmaqla, “İRS” jurnalı 15 əcnəbi dildə nəşr olunur.

Tədbir Efiopiyanın kütləvi informasiya vastilərinin diqqət mərkəzində olub.

Son xəbərlər

Orphus sistemi