DSMF-nin jurnalistlər arasında keçirdiyi müsabiqənin nəticələri açıqlanıb

DSMF-nin jurnalistlər arasında keçirdiyi müsabiqənin nəticələri açıqlanıb Mükafat alanlar arasında "Report" İnformasiya Agentliyinin əməkdaşı da olub
Media
10 İyun , 2015 14:53
DSMF-nin jurnalistlər arasında keçirdiyi müsabiqənin nəticələri açıqlanıb

Bakı. 10 iyun. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondu KİV-lər arasında keçirdiyi "Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır" mövzusunda müsabiqənin nəticələrini açıqlayıb. 

"Report"un xəbərinə görə, Prezident İlham Əliyevin təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nın 2.36-cı bəndinə (sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin görülməsi) uyğun olaraq keçirilən müsabiqəyə həm televiziyalar, həm qəzet, həm də informasiya agentlikləri və xəbər portallarının əməkdaşları maraq göstəriblər.

Müsabiqəyə bu ilin aprelin 1-dən mayın 15-nə kimi ölkənin sığorta-pensiya sistemi, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının pensiya təminatında başlıca meyar olması, sosial sığortanın mahiyyət etibarilə vergidən üstün olması, fərdi uçot sistemi və onun rolu, DSMF tərəfindən qeyd edilən sahələrdə həyata keçirilən işlərlə bağlı qəzet və jurnallarda, saytlarda çap edilmiş analitik məqalələr, televiziyada yayımlanmış verilişlər, süjetlər təqdim olunub.

Müsabiqənin nəticələrinə görə, "Ən yaxşı məqalələr" nominasiyası üzrə I yeri "Yeni Azərbaycan" qəzetinin müxbiri Mübariz Abdullayev, televiziya kanallarında verilən "Ən yaxşı telesüjetlər" nominasiyası üzrə I yerə isə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin əməkdaşı Əli Rzayev layiq görülüb.

Bundan başqa, müsabiqənin yekunlarına əsasən, bir neçə jurnalist "Ən yaxşı məqalələr" nominasiyası üzrə fərqləndiklərinə görə diplom və həvəsləndirici mükafata layiq görülüblər.

Fondun sədri Elman Mehdiyev qalibləri və müsabiqədə fərqlənənləri təbrik edərək onlara diplomları təqdim edib. Fondun sığorta-pensiya sahəsində görülən işlərlə bağlı əhalinin maarifləndirilməsinə xüsusi önəm verdiyini vurğulayan E.Mehdiyev bu işdə fəal iştirak edən media nümayəndələrinə təşəkkürünü bildirib və kütləvi informasiya vasitələri ilə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, mükafat alanlar arasında "Report" İnformasiya Agentliyinin əməkdaşı Samirə Abdullayeva da olub. 

Son xəbərlər

Orphus sistemi