Yuxarı

"Dahinin istəyi, qələmin qüdrəti" kitabının təqdimat mərasimi keçirilib

Tədbir Azərbaycan Mətbuat Şurası və Kaspi qəzetinin birgə təşəbbüsü ilə baş tutub

Bakı. 4 iyun. REPORT.AZ/ Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dosenti Qərənfil Dünyaminqızının "Dahinin istəyi, qələmin qüdrəti" kitabının təqdimat mərasimi keçirilib. "Report" xəbər verir ki, tədbir Azərbaycan Mətbuat Şurası və "Kaspi" qəzetinin birgə təşəbbüsü ilə baş tutub.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, jurnalistikanın inkişafı baxımından ona elmi baxışın ortaya qoyulması son dərəcə vacibdir. Uzun illər keçmiş sovet təfəkkür tərzinə əsaslanmış fikirlərin müstəqillik illərindən başlayaraq milli məfkurə saflığına söykənən məcraya daxil olduğunu vurğulayan şura sədri mövcud istiqamətdəki fəaliyyətin daha səmərəli şəkildə qurulması üçün yeni nəşrlərin mövcudluğunun zəruriliyini əsaslandırıb. O, "Dahinin istəyi, qələmin qüdrəti" kitabının da məhz bu baxımdan əhəmiyyət daşıdığını önə çəkib.

Onun sözlərinə görə, kitabda Qərənfil Dünyaminqızının son bir ildə əsasən "Kaspi" qəzetində dərc edilən 45 məqaləsi yer alıb: "Bu məqalələrin hər birində dövri mətbuatdakı çıxışları ilə milli özünüdərk prosesinə önəmli töhfələr vermiş ictimai-siyasi xadimlərimizin, ziyalılarımızın həyat və yaradıcılığına fundamental elmi əsaslarla yanaşılıb. Kitabın mühüm xüsusiyyəti oradakı məqalələrin birbaşa müəllifin elmi axtarışlarının nəticəsi olmasıdır". 

Ə.Amaşov əlavə edib ki, kitab gərgin jurnalist əməyinin məhsulu, Azərbaycan mətbuatına, mətbu tarixinin öyrənilməsinə xidmət nümunəsidir. Şura sədri buna görə də Q.Dünyaminqızını rəhbərlik etdiyi qurumun diplomu ilə təltif edib.

"Kaspi" qəzetinin təsisçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru Sona Vəliyeva kitabın təqdimat mərasiminin tarixə çevriləcək hadisə ərəfəsindəki zaman kəsiyinə təsadüf etməsini əlamətdar hal kimi dəyərləndirib. Azərbaycanın görkəmli ictimai fikir adamlarının irsinin cəmiyyətə çatdırılmasının müstəsna əhəmiyyətini vurğulayan S.Vəliyeva təqdimatı keçirilən nəşrin də məhz eyni missiya daşıdığını diqqətə çatdırıb: "Qərənfil xanım jurnalistdir, tədqiqatçıdır. Hər məqaləsi arxiv materiallarına əsaslanır. Onun kitabı tariximiz barədə mənbə rolunu oynayır. Bu nəşr həm də tariximizə sevgi ilə yazılıb. Kitabda toplanmış materiallar tarixi şəxsiyyətlərimizin, fikir və düşüncə sahiblərimizin həyat və fəaliyyətinə yeni nəfəs gətirməklə insanlarımızda onlara qarşı rəğbət də aşılayır".

Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Azərbaycanın mətbu tarixinin öyrənilməsinin, görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığının düzgün spesifikasının aparılmasının vacibliyindən söz açıb. Bunun üçün geniş elmi araşdırmalara ehtiyacın duyulduğunu bildirən A.Məhərrəmov Q.Dünyaminqızının fəaliyyətinin önəmindən söz açıb. O, həmçinin bildirib ki, təqdimatı keçirilən nəşrin jurnalistika fakultələrində tədris vəsaiti kimi istifadəsi də əhəmiyyətli olardı.

Digər şıxış edənlər də kitabın əhəmiyyətindən söz açaraq müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonda çıxış edən Q.Dünyaminqızı yaradıcılığına verilən qiymətə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi