Daha bir qəzetin adının Mətbuat Şurasının "qara siyahı"sına salınması tövsiyə olunub

Daha bir qəzetin adının Mətbuat Şurasının "qara siyahı"sına salınması tövsiyə olunub Həmin qəzetin fəaliyyətində etik prinsiplərə sayqısızlıq, şərəf və ləyaqətin təhqirinə yönələn məqamlar üstünlük təşkil edib
Media
27 Yanvar , 2016 17:38
Daha bir qəzetin adının Mətbuat Şurasının qara siyahısına salınması tövsiyə olunub

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası növbəti iclasını keçirib. Bu barədə "Report"a Şuradan bildirilib.

Komissiyanın sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iclası açaraq müzakirəsi tövsiyə olunan məsələlər barədə məlumat verib.

Belə məsələlərin 21 olduğunu bildirən V.Rəhimzadə bunlardan altısının Şuranın Şikayətlər üzrə Komissiyası, digərlərinin isə MŞ Katibliyi tərəfindən təqdim edildiyini deyib.

Öncə Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının son iclasının rəyləri müzakirə olunub. Qeyd edilib ki, "Xalq tribunası" qəzetinin fəaliyyətində etik prinsiplərə sayqısızlıq, şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun ləkələnməsinə yönələn məqamlar üstünlük təşkil edir. Buna görə də həmin kütləvi informasiya vasitəsinin adının Şuranın "qara siyahı"sına salınması üçün İdarə Heyətinə müvafiq rəyin təqdimatı məntiqi sayılıb.

Komissiya qəzet barədə ilkin müzakirədən sonra Mətbuat Şurasına Abşeron Dövlət Arxiv İdarəsindən ünvanlanan şikayətdə ifadəsini tapan məqamların da buna əsas verdiyi qənaətinə gəlib.

İclasda Şikayətlər üzrə Komissiyanın pia.az, azfakt.az, azerinfo.org, reportyor.tv saytları barədə rəyinə də münasibət bildirilib. Məsələ ilə bağlı bir sıra nüansların araşdırılma mərhələsində olduğu göstərilib. Komissiya bunu əsas götürərək məsələyə araşdırma başa çatdıqdan sonra yenidən qayıtmağı məqbul sayıb.

Komissiya digər şikayətlər barədə də müvafiq rəylər çıxarıb.

Son xəbərlər

Orphus sistemi