Yuxarı
    Bağlamaq

    Ceyhun Hacıbəylinin həyat və yaradıcılığına həsr olunan elmi-praktik konfrans keçirilib

    Tədbiri BDU-nun Jurnalistika fakültəsi və Mətbuat Şurası təşkil edib

    Bakı. 24 may. REPORT.AZ/ Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə bu gün "Azərbaycan jurnalistikasının inkişaf xüsusiyyətləri milli tarix və təcrübə kontekstində" adlı elmi-praktik konfrans keçirilib. 

    Mətbuat Şurasından "Report"a verilən məlumata görə, BDU-da təşkil olunmuş konfrans "Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında" Prezident İlham Əliyevin 19 noyabr 2015-ci il tarixli sərəncamının icrasından irəli gələn vəzifələri yerinə yetirmək məqsədi daşıyıb.

    Toplantıda giriş sözü ilə çıxış edən BDU-nun jurnalistika fakultəsinin dekanı, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Şamil Vəliyev bildirib ki, dövlət başçısının sərəncamı dahi mütəfəkkir C.Hacibəylinin irsinə ehtiram əlaməti olmaqla yanaşı çagdaş jurnalistika sahəsində prioritet məsələləri üzə çıxarmaq, aparılan elmi-tədqiqat işlərini müasir elmin tələblərinə uyğun yönəltmək, əldə olunan elmi nəticələri müzakirə etmək baxımından son dərəcə əhəmiyyətli sənəddir. 

    O, elmi-praktik konfransın Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmovun müvafiq əmrinə əsasən Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə təşkilini yüksək qiymətləndirib.

    Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov C.Hacıbəyli şəxsiyyətinin Azərbaycanın ictimai fikir tarixindəki rolundan bəhs edib. O bildirib ki, 1875-ci ildə Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan mətbuatı üzərindən cəmi 43 il keçdikdən sonra mütəhərrik qüvvə kimi müstəqillik ideyalarının carçısına çevrildi: "Bu prosesdə ziyalılar, görkəmli fikir adamları böyük tarixi missiya yerinə yetirdilər. Belə nəhəng fikir adamlarından biri də Ceyhun Hacıbəyli idi. Onun jurnalistlik fəaliyyəti bizim üçün daha önəmlidir. Hesab edirəm ki, cənab İlham Əliyevin sərəncamı eyni zamanda Azərbaycan mətbuatına, onun keçdiyi şərəfli yola böyük ehtiramın növbəti nümunəsidir".

    Çıxış edənlərdən Milli Məclisin deputatı Aqil Abbas, BDU-nun jurnalistika fakultəsinin jurnalistika fakultəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Respublika Arxiv İdarəsində Ədəbiyyat və incəsənət arxivinin şöbə müdiri Aslan Kənan, jurnalistika fakultəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva, Mətbuat tarixi kafedrasının professoru Nəsiman Yaqublu və başqaları C.Hacıbəylinin şəxsiyyətinin elmi-məfkurəvi cəhətlərinə, onun keçdiyi həyat yolundakı mübarizlik xüsusiyyətlərinə diqqət çəkiblər.

    Tədbirdə həmçinin, C.Hacıbəyli haqqında tələbələrin hazırladığı kiçikhəcmli film də nümayiş etdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi