Yuxarı

Mətbuat Şurasının rəhbərliyi Gürcüstanda keçirilən beynəlxalq tədbirdə iştirak edib

Əflatun Amaşov Avropa Ouynlarının Azərbaycan jurnalistləri üçün mühüm təcrübə olduğunu vurğulayıb

Bakı. 2 iyul. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tiflisdə Avropa Birliyi və Avropa Şurasının birgə layihəsi çərçivəsində söz azadlığı və medianın özünütənzimləmə məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Bu barədə "Report"a Mətbuat Şurasından məlumat verilib. MDB ölkələrinin medianın özünütənzimləmə qurumları şəbəkəsinin təşkilatçılığı ilə baş tutan toplantıda Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli iştirak edib.

Toplantıda şəbəkəyə üzv təşkilatların ötən müddətdə gördükləri işlər barədə hesabatlar dinlənilib. Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyətilə bağlı məruzə edib, Azərbaycanda söz və ifadə azadlığına dair spesifik məqamlardan söhbət açıb. Şura sədri bildirilib ki, internet media resurslarının sürətlə artdığı hazırkı şəraitdə onların ictimai tənzimlənməsinə də həssas yanaşılmalıdır: "Təəssüf ki, biz heç də həmişə bu həssaslığın şahidi ola bilmirik. Əksinə xoşagəlməz hallarla üzləşirik və bu hallar təkcə internet media ilə əlaqəli olmur. Ümumən söz və ifadə azadlığına baxış məsələsini aktuallaşdırır. I Avropa Oyunları müstəvisində Azərbaycana təzyiq cəhdlərinin şahidi olduq. İdman hadisəsini əsassız olaraq söz və ifadə azadlıqları kontekstinə daşıma meyllərini gördük. Əlbəttə belə hallar oyunların ümumi ab-havasına təsir göstərə bilməzdi. Hər bir halda düşünürük ki, söz və ifadə azalığı bir meyardırsa, bu meyar alətə çevrilməməlidir".

Toplantıda bununla bağlı müzakirələr aparılıb. Azərbaycanlı nümayəndələr I Avropa Oyunlarının işıqlandırılması xüsusiyyətlərinə dair sualları cavablandırıblar. Şura sədri Oyunların Azərbaycan jurnalistləri üçün də mühüm təcrübə olduğunu vurğulayıb, yerli medianın prosesdə aktiv iştirakından söz açıb.

Müzakirələrdə internetin geniş yayılması ilə yeni üsul və vasitələr əldə edən medianın daha dərindən təhlilinə, söz və ifadə azadlığına təhlükə yarada biləcək mümkün manipulyasiya vasitələrinin, o cümlədən plagiat hallarının aradan qaldırılması istiqamətində konkret tədbirlərə ehtiyac duyulduğu önə çəkilib, MDB ölkələrində medianın özünütənzimləmə qurumları şəbəkəsinin perspektiv fəaliyyət istiqamətlərinə nəzər salınıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi