Yuxarı

Bakı Beynəlxalq Humanitar Forumunda jurnalistlərin sivilizasiyalararası dialoqun təmin edilməsindəki rolu müzakirə olunub

AZƏRTAC-ın baş direktoru: Jurnalistika bu gün qloballaşma prosesində mühüm rol oynayır

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Müasir dövr jurnalistika üçün də şərtlərini diqtə edir, nəticədə o da transformasiya edilmək məcburiyyətində qalır".

"Report" xəbər verir ki, bu sözləri AZƏRTAC İnformasiya Agentliyinin baş direktoru Aslan Aslanov V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində baş tutan “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda keçirilən dəyirmi masada deyib.

"Jurnalistika bugünkü informasiya cəmiyyətində qloballaşma prosesində xüsusi rol oynayır", - deyə A.Aslanov bildirib.

O, dəyirmi masanın məhsuldar alınacağına ümidvar olduğunu qeyd edib.

Öz növbəsində, YUNESKO-nun baş direktorunun birinci müavini Engida Qetaçyu bildirib ki, artıq 10 ildir sosial şəbəkələr və rəqəmsal jurnalistika informasiya meydanına çıxıb.

"Onlayn rejimdə məlumat ötürülməsi özünüifadə üçün yol açıb. Belə informasiya mühitində keyfiyyətli jurnalistika çox vacibdir", - deyə E.Qetaçyu vurğulayıb.

İranın İRNA informasiya agentliyinin icraçı direktoru Məhəmməd Hodadi qeyd edib ki, informasiya cəmiyyətinin erası ənənəvi jurnalistikanı dəyişdirib.

"Bu gün kiberjurnalistika kimi anlayış yaranıb", - deyə agentliyin rəhbəri bildirib.

Onun sözlərinə görə, informasiya inqilabı jurnalistikada inhisara son qoyub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi