Bakıda Dünya Xəbər Agentlikləri Şurasının iclası başlayıb

Bakıda Dünya Xəbər Agentlikləri Şurasının iclası başlayıb İclasda 2016-cı il noyabrın 16-17-də Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq işləri müzakirə olunur
Media
23 May , 2016 13:15
Bakıda Dünya Xəbər Agentlikləri Şurasının iclası başlayıb

Bakı. 23 may. REPORT.AZ/ Bakıda Dünya Xəbər Agentlikləri Şurasının (NACO) növbəti iclası başlayıb.

"Report" xəbər verir ki, mayın 23-də start götürən iclasda AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, Böyük Britaniyanın Press Association agentliyinin icraçı direktoru Klayv Marşal, Səudiyyə Xəbər Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn, Küveyt Xəbər Agentliyinin (KUNA) baş direktoru Şeyx Mübarək İbrahim Əl-Sabah, Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçev, Rusiyanın TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, Dünya Xəbər Agentlikləri Konqresinin baş katibi Uffe Sorensen, Ərəb Xəbər Agentlikləri Federasiyasının baş katibi Fərid Əyyar, Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Erik Naylen, İspaniyanın EFE agentliyinin beynəlxalq əlaqələr üzrə meneceri Xuan Mario Kalvo və nümayəndə heyətlərinin üzvləri iştirak edirlər.

AZƏRTAC-ın ev sahibliyi etdiyi şuranın iclasında 2016-cı il noyabrın 16-17-də Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq işləri müzakirə olunur. Şura üzvləri Konqresin proqramı, çıxışçıların siyahısı, Konqres çərçivəsində keçiriləcək fotomüsabiqənin şərtlərini nəzərdən keçirəcəklər.

Qeyd edək ki, Dünya Xəbər Agentlikləri Konqresi ilk dəfə 2004-cü ilin sentyabrında Moskvada keçirilib. II, III və IV konqreslər müvafiq olaraq İspaniya, Argentina və Səudiyyə Ərəbistanında baş tutub. 2013-cü il noyabrın 17-21-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilmiş sonuncu Konqresdə növbəti V Konqresin 2016-cı ilin noyabrında Bakıda keçirilməsi barədə gizli səsvermə yolu ilə qərar qəbul edilib. Bu qərara əsasən AZƏRTAC 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edəcək.

Konqresdə dünyanın bütün qitələrindən informasiya agentliklərinin rəhbərləri, həmçinin media sahəsində ekspertlər və müşahidəçilər toplanır.

Son xəbərlər

Orphus sistemi