"AzərTAc"la Türkiyənin Qazi Universiteti əməkdaşlıq edəcək

"AzərTAc"la Türkiyənin Qazi Universiteti əməkdaşlıq edəcək Aslan Aslanov Qazi Universitetinin jurnalistika fakültəsinin dekanı ilə görüşüb
Media
12 Dekabr , 2014 19:10
AzərTAcla Türkiyənin Qazi Universiteti əməkdaşlıq edəcək
Bakı. 12 dekabr. REPORT.AZ/ "AzərTAc" və Türkiyənin Qazi Universiteti jurnalist kadrların hazırlığı sahəsində əlaqələri genişləndirəcək. 

"Report"un məlumatına görə, Qazi Universitetinin jurnalistika fakültəsinin dekanı Zakir Avşar və "AzərTAc"ın baş direktoru Aslan Aslanovun bu gün keçirilən görüşündə kadr hazırlığı, müasir media, informasiya mübadiləsi ilə bağlı məsələlər diqqət mərkəzində olub.

Görüşdə bildirilib ki, eyni mədəni və tarixi köklərə malik olan Azərbaycan və Türkiyə beynəlxalq arenada daim bir-birini dəstəkləyir və bu, əsl qardaşlıq və dostluq nümunəsidir. Türkiyənin bir çox universitetlərində, o cümlədən Qazi Universitetində təhsil alan azərbaycanlı gənclər dəyərli kadrlar kimi Azərbaycanın müxtəlif qurumlarında çalışırlar. Bu ali məktəbdə tələbələrə yüksək təhsil verilir və "AzərTAc" Qazi Universitetinin jurnalistika fakültəsi ilə peşəkar kadr hazırlığı sahəsində əlaqələr qurmağa hazırdır. Müasir dövrdə sürətlə inkişaf edən media yüksək ixtisaslı jurnalistlərə böyük ehtiyac duyur.

Zakir Avşar "AzərTAc"ın beynəlxalq əlaqələr, xəbər yayımı sahəsində uğurlarını yaxından izlədiyini, agentliyin müasir standartlara uyğun fəaliyyət göstərdiyini vurğulayıb. O, Qazi Universitetində bir çox azərbaycanlı tələbənin təhsil aldığını, "AzərTAc" ilə jurnalist kadrların yetişdirilməsi, birgə layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlığın faydalı olacağına əminliyini bildirib.

Görüşdə “Haber7.com” portalının rəhbəri İbrahim Ərdoğan, Türkiyənin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin əməkdaşı Mustafa Kamal Dağdələn, bu ölkənin Azərbaycandakı səfirliyinin mətbuat üzrə müşaviri Hamit Karadəniz də iştirak ediblər.

Müzakirələr zamanı "AzərTAc" ilə "Anadolu" agentliyinin əməkdaşlığı yüksək qiymətləndirilib, qardaş ölkənin xəbər qurumları arasında informasiya mübadiləsinin, Azərbaycan və Türkiyə mediasının hər iki dövlətin ortaq maraqları mövqeyindən çıxış etməsinin, dezinformasiya ilə birgə mübarizə aparmasının vacibliyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi