AZƏRTAC-ın baş direktoru Çinin Azərbaycandakı səfirliyinin müşaviri ilə görüşüb

AZƏRTAC-ın baş direktoru Çinin Azərbaycandakı səfirliyinin müşaviri ilə görüşüb Azərbaycan ilə Çin arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələr inkişaf edir və möhkəmlənir
Media
2 Noyabr , 2015 20:22
AZƏRTAC-ın baş direktoru Çinin Azərbaycandakı səfirliyinin müşaviri ilə görüşüb

Bakı. 2 noyabr. REPORT.AZ/ AZƏRTAC Çində populyardır. Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müşaviri Yuy Xonçi bu sözləri noyabrın 2-də Azərbaycan Dövlət İnformasiya Agentliyində keçirilmiş görüşdə söyləyib.

"Report"un məlumatına görə, AZƏRTAC-ın baş direktoru Aslan Aslanov agentliyin tarixi, fəaliyyəti, dünya ölkələrinin informasiya agentliklərini birləşdirən beynəlxalq qurumlarda iştirakı barədə çinli qonaqlara məlumat verib. Qeyd edilib ki, Azərbaycan ilə Çin arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələr inkişaf edir və möhkəmlənir.

Baş direktor vurğulayıb ki, AZƏRTAC Çinin Sinxua informasiya agentliyi ilə həm ikitərəfli formatda, həm də beynəlxalq xəbər alyansları çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Bu əməkdaşlığa qarşılıqlı informasiya mübadiləsi, müştərək layihələrin həyata keçirilməsi, Azərbaycanı Çində, Çini isə Azərbaycanda daha yaxşı təqdim etməyə imkan verən yaradıcılıq əlaqələri daxil ola bilər. A.Aslanov daha sonra bildirib ki, AZƏRTAC keçən ildən Çin dilində informasiya yaymağa başlayıb. Bu, çinli oxucuları Azərbaycan reallıqları ilə tanış etməyə, ölkəmiz haqqında həqiqəti onlara çatdırmağa imkan verir. Bundan əlavə, AZƏRTAC Azərbaycandakı Konfutsi İnstitutu ilə sıx qarşılıqlı əlaqə saxlayır, Çində agentliyin müxbir məntəqəsi fəaliyyət göstərir, onun təşkilati dəstəyi ilə bu ölkədə bir sıra tədbir keçirilib.

Çinin Azərbaycandakı səfirliyinin müşaviri Yuy Xunçi AZƏRTAC-ın fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, 7 dildə informasiya buraxılışı çox böyük və ağır zəhmətdir. Diplomat deyib: “Bu işin öhdəsindən yalnız sizin 95 yaşlı AZƏRTAC kimi iri və təcrübəli informasiya agentliyi gələ bilər”. Çinli diplomat səfirliklə AZƏRTAC arasında informasiya sahəsində qarşılıqlı əlaqələri genişləndirmək, hər iki ölkənin ictimaiyyətini Çinin və Azərbaycanın həyatı ilə tanış etməyə imkan verən müştərək layihələr reallaşdırmaq arzusunu bildirib.

Son xəbərlər

Orphus sistemi