Azərbaycanın tanınmış idman saytı 10 yaşını qeyd edir

Azərbaycanın tanınmış idman saytı 10 yaşını qeyd edir Aydın Bağırov: "Gələcək planlarımız medianın iqtisadi durumundan da asılıdır"
Media
17 Noyabr , 2018 09:01
Azərbaycanın tanınmış idman saytı 10 yaşını qeyd edir

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycanın tanınmış idman saytlarından biri olan Qol.az saytının bu gün 10 yaşı tamamlanır.

"Report" xəbər verir ki, "5 Media" MMC-yə məxsus idman portalı 2008-ci ildən fəaliyyət göstərir.

Portal Azərbaycan idmanında baş verən ən son yenilikləri işıqlandırmaqla yanaşı, Azərbaycan və dünya futbolunun tanınmış simaları ilə müsahibələr yayımlayır.

Sayt gün ərzində 50-dək (bəzən 50-dən çox) material (xəbər, yazı, müsahibə) dərc edir.

Qol.az-ın baş redaktoru Aydın Bağırov "Report"a açıqlamasında bu illər ərzində qazandığı nailiyyətlərdən danışıb: "10 il çox sürətlə gəlib keçdi. Hər şey mənim üçün bir göz qırpımında oldu. Sanki dünən idi. Çox xoşdur ki, bu saytı yaradanda 5 ildən sonrakı illər üçün qarşımıza nə hədəflər qoymuşduqsa, demək olar ki, 70-80 faizinə nail olduq. İlk növbədə, məqsədimiz ondan ibarət idi ki, yaxşı, keyfiyyətli, samballı və ciddi bir sayt yaradaq. Bugünkü mediada - həm ümumi ictimai-siyasi, həm də idman mətbuatında bu qədər pərakəndəliyin olduğu bir vaxtda belə bir ciddi media orqanı yaratmaq bizim başlıca məqsədlərimizdən biri idi. Hesab edirəm ki, buna da nail olmuşuq. Qol.az saytı bu gün cəmiyyətdə, əsasən də, idman və futbol ictimaiyyətində ciddi bir sayt olaraq tanınır və qəbul olunur, bir intriqa yuvası kimi tanınmır. Məni həm də sevindirən məqam ondan ibarətdir ki, sayt sonrakı 5 il ərzində "Google Analytics"in göstəricilərinə əsasən Azərbaycanın ən reytinqli idman saytına çevrilib. Orta hesabla saytda gün ərzində 18 - 22 min arası IP sayı mövcuddur. Bunu idman mediası üçün aşağı yox, normal göstərici hesab edirəm. Qol.az-ın özünün sambalı ilə yanaşı, nüfuzu da var. Öz reytinqini də qazanıb. Əsas odur ki, cəmiyyət tərəfindən ciddi hörmət olunan ziyalı sayt kimi qəbul olunur. Bu, 10 il ərzində bizim özümüzə hədiyyəmizdir".

A.Bağırov saytın qarşıdakı hədəflərindən də söz açıb: "Saytın baş redaktoru olaraq mənim də öz hədəflərim var. Təbii ki, bu hədəflər böyükdür. Nəinki Qol.az Azərbaycanda elə bir sayt olsun ki, qonşu Rusiyadakı böyük saytlarla eyni səviyyədə dayana bilsin. 30, 40 və 50 nəfərlik işçisi və yaxşı bir reklam gəliri olsun. Klubların reklamları kimi anormal bir situasiyadan asılı olmasın. Qol.az saytında belə bir hal olmayıb ki, ancaq klubların reklamlarından asılı olaq. Bu, Azərbaycanda yeganə idman portalıdır ki, kommersiya reklamlarının şirkətlərindən asılı olub. Gələcək planlarımız medianın iqtisadi durumundan da asılıdır. Vəziyyət yaxşılaşsa, əlbəttə, kollektivin sayı da böyüyəcək, iş keyfiyyəti daha da yüksələcək. Bu isə reklamların çoxluğundan asılıdır. Hamıya bəllidir ki, medianın gəliri sırf reklamlara görədir. Bunlar olsa, əlbəttə, hədəflər böyüyəcək".

Baş redaktor son olaraq yubileyi necə qeyd edəcəklərini də açıqlayıb: "Yubileyimiz ayrı-ayrılıqda qeyd olunacaq. Jurnalist həmkarlarımızla ayrı, klub və federasiya rəsmiləri ilə ayrı qeyd olunacaq. Hesab edirik ki, bu yolda bizə jurnalist həmkarlarımızın dəstəyi çox olub. İlk və sonrakı günlərdən bir cəbhədəyik. Hamımız bir yoldayıq. Hesab edirəm ki, bayram tədbiri mütləq jurnalistlərlə də qeyd olunmalıdır və olunacaq".

“Report” Qol.az-da çalışan bütün həmkarları bu münasibətlə təbrik edir, onlara işlərində uğurlar arzulayır!

Son xəbərlər

Orphus sistemi