Azərbaycanın bir qrup jurnalisti Şamaxıya səfər edib

Azərbaycanın bir qrup jurnalisti Şamaxıya səfər edib Azərbaycanın bir qrup jurnalisti Nəsimi ili çərçivəsində Şamaxı rayonuna səfər edib, böyük şairin qardaşının məzarını ziyarət ediblər.
Media
18 Mart , 2019 16:33
Azərbaycanın bir qrup jurnalisti Şamaxıya səfər edib

Azərbaycanın bir qrup jurnalisti "Nəsimi ili" çərçivəsində Şamaxı rayonuna səfər edib, böyük şairin qardaşının məzarını ziyarət ediblər.

"Report" xəbər verir ki, Parlament Jurnalistlər Birliyinin (PJB) təşkil etdiyi və birlik üzvlərinin qatıldığı səfər zamanı əvvəlcə Bakı-Şamaxı yolundakı Acıdərə ərazisində uyuyan türk əsgərinin qəbri ziyarət olunub. 

Sonra PJB üzvləri Şamaxının tarixi əhəmiyyətli yerlərinə baş çəkiblər. Belə yerlərdən biri Dəmirçi kəndidir. Bu kəndin tarixi çox qədimdir. Pirsaat çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyində yerləşən kəndin iqlimi mülayimdir.

Bu kəndin qeyri-adi bir xüsusiyyəti də odur ki, ətraf nə qədər duman, çiskin olsa da, onlar kənddə müşahidə olunmur. Elə jurnalistlərin səfəri gün də hava günəşli idi. Novruz bayramı yaxınlaşdığına görə kənddə bayram əhvalı hiss olunurdu. 

Kəndin sakinlərinə gəlincə, vaxtilə İsmayıllının Lahıc və Əhən kəndlərindən gəlmə tatlardır. Onlar özlərinə məxsus dildə danışırlar. XV əsrə aid olan Dəmirçi kəndində insanlar dəmirçiliklə, dulusçuluqla məşğul olduqlarından kəndin adı dəmirçi adlanıb.

Keçək kəndin yollarına. Bir neçə il bundan qabaq kəndin yolları çala-çuxurlarla örtülmüşdü. Qışda Pirsaat çayını keçmək müşgül məsələyə çevrilirdi. Vay o gündən ki, çayda sel əmələ gələ. Bu zaman kəndə gediş-gəliş mürəkkəbləşirdi. Lakin 2018-ci ildə Prezidentin göstərişi ilə Dəmirçi kəndinin yollarına xüsusi diqqətin göstərilməsi sadaladığımız problemlərin bir daha təkrarlanmamasının qarşısını aldı. Artıq Dəmirçiyə gedərkən asfalt yollar göz oxşayır. Çayın üzərində salınan körpü isə insanların və turistlərin rahat hərəkət etməsinə şərait yaradıb. Kəndin tarixiliyini onun məscidlərinin olması da göstərir. Məscid bir neçə il bundan qabaq Prezident İlham Əliyevin göstərişi ilə bərpa edilib.

Daha sonra PJB üzvləri dahi Nəsiminin qardaşının uyuduğu “Şahxəndan” qəbiristanlığını ziyarət ediblər. Qəbiristanlıq “şahxəndan” türbəsinin içində yerləşir. Türbənin içində iki yanaşı qəbir var. İddialara görə, məzarın biri Nəsiminin qardaşı Şahxəndana, o biri isə həyat yoldaşına aiddir. Digər versiyalara görə, məzarda uyuyan qadın Şahxəndanın nişanlısı olub.

Diqqət çəkən məqam türbə və onun içindəki məzarların çox baxımsız vəziyyətdə olmasıdır. Təbii ki, bu PJB üzvlərinin təəccübünə səbəb olub. Axı necə ola bilər ki, Şamaxıdakı türbə və məzarlıq Nəsiminin Hələbdəki qəbrindən fərqlənmir?!. Güman edirik ki, “Nəsimi ili”ndə məsələ öz həllini tapacaq. Tarixi şəxsiyyətlərin uyuduğu məkan baxımlı vəziyyətə gətiriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu il Azərbaycanda "Nəsimi ili" elan olunub. 

Son xəbərlər

Orphus sistemi