Yuxarı

Azərbaycanda ifadə və media azadlığı layihəsi çərçivəsində "dəyirmi masa" keçirilib

Əflatun Amaşov: Bu gün heç bir jurnalist hansısa məlumat yazarkən azadlıqdan məhrum ediləcəyinə dair diskamfort yaşamamalıdır

Bakı. 31 may. REPORT.AZ/ Avropa Şurası və Avropa İttifaqının həyata keçirdiyi Azərbaycanda ifadə və media azadlığı layihəsi çərçivəsində "Diffamasiya" mövzusunda "dəyirmi masa" keçirilib.

"Report"un xəbərinə görə, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Avropa Şurasının İnformasiya Cəmiyyəti İdarəsinin rəisi Patrick Pennickx, Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç, Milli Məclisin Hüquq siyasəti və dövlət quruçuluğu komitəsinin sədri Əli Hüseynli, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, media nümayəndələri iştirak ediblər.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, indiki dövrdə belə bir mövzunun müzakirə olunması çox vacibdir: "Diffamasiya haqqında" qanun layihələri ətrafında geniş ictimai müzakirələr təşkil olunub. İnsanların mətbuat səhifələrində təhqir olunması məsələsinin geniş yayıldığı zamanda belə qanunun qəbul edilməsi əks effekt yarada bilər. Jurnalist peşəkarlağının artırılması istiqamətində müəyyən işlər görülməlidir. İctimai rəyin bu yeniliyə hazırlanması ilə bağlı zəruri tədbirlərin görülməsi lazım idi. Azərbaycanda belə qanun qəbul edilməsi məsələsi qapanmayıb. Hələ də bu, gündəmdə olan məsələdir. Gələcəkdə də qanun layihəsi ilə bağlı real imkanlar qiymətləndiriləcək və beynəlxalq təcrübə araşdırılacaq".
Avropa Şurasının İnformasiya Cəmiyyəti İdarəsinin rəisi Patrick Pennickx deyib ki, Azərbaycanda jurnalistlərə təlim keçmək üçün dəstək verməyə çalışırlar: "Onların öz hüquqlarını bilməsi, gender bərabərliyinin olması əsas məqsədlərimizdəndir. Diffamasiya fərdlərin hansısa zərərli məlumatlardan qorunmasıdır. Çünki bəzən olur ki, hansısa şəxs mətbuat vasitəsilə təhqir oluna bilir. Belə bir qanunla da onlar öz hüquqlarını qoruya bilərlər. Bu gün bir çox ölkələrdə Cinayət Məcəlləsində diffamasiyaya görə cinayət məsuliyyəti tələb olunması yoxdur".

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə vurğulayıb ki, diffamasiya mövzusu cəmiyyət üçün yeni anlayış deyil: "Bu gün heç bir jurnalist hansısa məlumat yazarkən azadlıqdan məhrum ediləcəyinə dair diskamfort yaşamamalıdır. Demokratiya ifadə azadlığından sui-istifadə demək deyil. Bu gün ölkə mətbuatında sadalanan iki məsələyə xüsusi diqqət yetirilir. Onu da qeyd edim ki, Avropa Şurasına daxil olan bir çox ölkədə də diffamasiyaya münasibət birmənalı deyil. Ona görə də bu məsələ ətrafında müzakirələr çox olacaq".


Qeyd edək ki, "dəyirmi masa" mövzu ətrafında müzakirələrlə davam edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi