Yuxarı

Azərbaycan və Türkiyə jurnalistləri beynəlxalq media təşkilatı yaradıb

Bu qərar Parlament Jurnalistlər İctimai Birliyinin Gəncədə keçirdiyi toplantıda elan olunub

Bakı. 28 iyun. REPORT.AZ/ Azərbaycan və Türkiyə jurnalistləri yeni media ilə əlaqədar beynəlxalq təşkilat yaradıb.

“Report”un məlumatına görə, bu qərar Parlament Jurnalistlər İctimai Birliyinin Gəncədə keçirdiyi toplantıda elan olunub.

Məlumata görə, Gəncədə “Sosial mediada etik və milli mənəvi dəyərlərin qorunması” mövzusunda yerli aktiv gənclərin iştirakı ilə görüş təşkil olunub.

Parlament (Tərəfsiz) Jurnalistlər İB-nin dəvəti ilə ölkəmizə səfərə gələn türkiyəli jurnalistlərin qatıldığı toplantıda sosial şəbəkələrin jurnalistlər üçün üstünlüyü və yeni medianın həyatımıza gətirdiyi problemlərdən söz açılıb.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən görüşdə Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı bildirib ki, adətən sosial şəbəkə istifadəçilərini də jurnalist, kütləvi media nümayəndələri kimi qəbul edirlər: “Onların da paylaşdığı xəbərləri minlərlə insan oxuyur. Qanuna görə, onlar təhqir, tənqid, yanlış məlumat yasalar belə, qanun qarşısında məsuliyyət daşıyırlar. Təəssüf ki, sosial media istifadəçiləri əksər vaxt bunun fərqinə varmırlar və bu da çox vaxt qeyri-etik xəbərlərin yeni mediada yayılmasına şərait yaradır. Hətta dövlət təhlükəsizliyinə ziyan vuran xəbərlər də yazılır”.

Türkiyə Qəzetçilər Federasiyasının rəhbəri Mehmet Ali Dim Türkiyədə sosial şəbəkələrin çox populyar olduğunu bildirib: “Əhali sayına nisbətə görə dünyada ən çox facebook istifadəçisi Türkiyədə qeydə alınıb. Bizim ölkəmizdə sosial şəbəkələrdən terrorçular da çox aktiv şəkildə istifadə edir və buna görə daha ayıq-sayıq olmaq lazımdır. Sosial şəbəkələrin uşaqlar üçün də böyük təhlükəsi var. Milli maraqlara, dövlət təhlükəsizliyinə zidd olan səhifələrdən mütləq şikayət etmək lazımdır”.

Diskussiya xarakterli toplantıda sosial şəbəkənin aktiv istifadəçisi olan gənclər onları maraqlandıran məsələlərlə bağlı suallar veriblər. Müzakirələr zamanı sosial mediada yayılan məlumatların qaynağı, xəbərlərin mötəbərliyi, yanlış informasiyaların törətdiyi problemlər və s. barədə fikir mübadiləsi aparılıb.

Görüş iştirakçıları qeyd ediblər ki, ölkədən asılı olmayaraq sosial mediada etik davranışa riayət olunması ilə bağlı hər yerdə problemlər mövcuddur. Bu baxımdan, yeni media ilə əlaqədar beynəlxalq şəbəkənin yaradılmasına ehtiyac olduğu vurğulanıb. Odur ki, görüşün sonunda yeni media sahəsində beynəlxalq qurumun yaradılması haqqında razılıq əldə olunub.

Türkiyə Qəzetçilər Federasiyasının sədr müavini Mehmet Ali Dim və Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı Yeni Media Beynəlxalq Jurnalistlər Şəbəkəsi yaradılmasına dair Niyyət Protokolu imzalayıblar. Mərkəzi qərargahı İstanbulda yerləşəcək yeni qurumun ən azı 15 ölkəni əhatə edəcəyi gözlənilir. Sentyabrda bu təşkilatın təsis olunması ilə bağlı ilk toplantının keçiriləcəyi gözlənilir. Yeni təşkilat bir çox ölkə jurnalistlərinin ortaq problemlərinə baxış bucağının uzlaşdırılmasını təmin edəcək, mövcud istiqamətdə konkret sistemli iş birliyini ortaya qoyacaq.

Qeyd edək ki, türkiyəli jurnalistlər səfər zamanı Bakıda da bir sıra rəsmi görüşlər keçiriblər. Dörd nəfərdən ibarət nümayəndə qrupu Azərbaycan Milli Məclisi ilə tanış olublar, parlament sədrinin müavini Bahar Muradova onları qəbul edib. B.Muradova Ermənistan ilə savaşımızda Türkiyə mediasının verdiyi dəstəyə görə minnətdarlıq edib.

Qonaqlar Mətbuat Şurasında olublar, sədr Əfaltun Amaşovla görüşüblər, bir sıra jurnalist təşkilatları və aparıcı media orqanlarının redaksiyalarında, o cümlədən “Report” İnformasiya Agentliyində olublar.

Nümayəndə heyətinə Türkiyə Qəzetçilər Federasiyasının rəhbəri Mehmet Ali Dim, “Alaniya posta” qəzetinin sahibi Mehmet Ali Gürses, “Album” jurnalının sahibi Mehmet Çelik və “Alanya TV”nin baş direktoru Aykut Sipahioğlu daxil olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi