Yuxarı
    Bağlamaq

    "Azərbaycan Milli Mətbuatı-140: "Əkinçi" ənənələri və müasir jurnalistika" mövzusunda elmi-praktik konfrans keçirilib

    Bir sıra mətbuat nümayəndələri BDU-ya informasiya dəstəyi xatirə mükafatına layiq görülüb

    Bakı. 29 iyun. REPORT.AZ/ Bu gün Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinə həsr olunan “Azərbaycan Milli Mətbuatı-140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda elmi-praktik konfrans keçirilib. “Report” xəbər verir ki, konfransı açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov Azərbaycanın yenidən müstəqilliyinə qovuşduqdan sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul etdiyini deyib. O, ölkədə söz və mətbuat azadlığının təmin edilməsindən, KİV-in sərbəst fəaliyyətinə yaradılan şəraitdən danışıb.

    Əksər KİV nümayəndələrinin BDU-nun yetirmələri olduğunu deyən A.Məhərrəmov çıxışının sonunda mətbuat işçilərini təbrik edib.

    Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ölkə başçısı İlham Əliyevin milli mətbuatımızın 140 illik yubileyi ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətindən danışıb.

    Bugünkü tədbirin BDU-da keçirilməsini təsadüfi saymayan Ə.Həsənov bildirib ki, universitet hər zaman mətbuat sahəsində öz töhfələri ilə seçilib, mətbuat tarixinin araşdırılmasında, jurnalist kadrların yetişdirilməsində danılmaz xidmətlər göstərib.

    Professor Şamil Vəliyev "Əkinçi" qəzetinin yaradılmasından, çağdaş mətbuat üçün yaradılan şəraitdən söz açıb.

    Mətbuat Şurasının sədri Əflatun Amaşov isə Həsən bəy Zərdabinin tarixi xidmətlərinə, mətbuatın xalqın həyatında oynadığı rola diqqət çəkib.

    Professor Şirməmməd Hüseynov deyib ki, 22 iyul yalnız "Əkinçi"nin deyil, 140 illik milli mətbuatın bayramıdır.

    Çıxışlardan sonra bir sıra mətbuat nümayəndələri "BDU-ya informasiya dəstəyi" xatirə mükafatına layiq görülüb.

    Qeyd edək ki, konfransda KİV rəhbərləri və BDU-nun professor-müəllim heyəti iştirak edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi